Erkən payızda (avqust) və yazda (aprel-may) tədarük edilmiş əkin materialından həmin ildə də plantasiya salınır. Əkin materialı sahədən çıxarıldıqdan sonra sort tərkibinə uyğun olaraq çeşidlənir, yeşiklərə və yaxud səbətlərə qabqarılır və əkin yerinə çatdırılır (Şəkil 3.10).
Əkin materialının tinglikdən çıxarılması vaxtı köklənmiş rozet yarpaqların keyfiyyətindən və sayından və əmtəəlik plantasiyaların salınması vaxtından asılıdır. Bir qayda olaraq çiyələk şitillərinin gec tədarük olunması onların keyfiyyətinin 2 dəfə artmasına səbəb olur (Şəkil 3.11). Belə ki, avqust ayında şitillərin 25-30 %-i əkin üçün yararlı olur.
Əkin materialının gec (oktyabrın sonu, noyabrın əvvəli) çıxarılması zamanı onların qış dövründə saxlanması lazım gəlir. Bu zaman şitillər təbii şəraitdə təxminən 300 saat müddətində 7 0C-dən aşağı temperatur şəraitində qaldıqdan sonra çıxarılır. Belə olduqda bitkilər təbii olaraq möhkəmlik qazanır. Sonra çıxarılmış bitkilərin aşağıda yerləşən yaşlı yarpaqları qoparılır, 1-2 ədəd cavan yarpaq saxlanılır, köklər silkələnərək torpaqdan təmizlənir. Kökləri su ilə yumaq olmaz. Bitkilər 50 ədəd olmaqla dəstə bağlanır, polietilen kisələrə qablaşdırılır və kisənin ağzı kəndirlə möhkəm bağlanır. Sonra şitillər olan kisələr yeşiklərə, yaxud da stellaja qoyularaq soyuduculara yığılır (Şəkil 3.12). Şitillərin saxlanması üçün optimal temperatur şəraiti -1...-2 0C-dir. Çünki 0 0C-dən yuxarı temperatur şəraitində bitkilərdə çürümə baş verə bilər. Optimal temperatur şəratində şitillər 6...9 ay saxlanıla bilir. Normal temperatur şəraitində saxlama zamanı əkin materialının cəmi 10 %-i itkiyə gedə bilər.