Anaclıq plantasiya iki il istifadə üçün nəzərdə tutulduqda əkin sxemi 90x90 sm (12,3 min ədəd/ha) verilir. Birillik istifadə üçün nəzərdə tutulduqda isə əkin sxemi 90x45 sm (24,6 min ədəd/ha) götürülür (Şəkil 3.3). Ətrafdan xəstəlik və zərərvericilərin plantasiyaya daxil olmasını məhdudlaşdırmaq məqsədilə 3 m enində mühafizə zolağı yaradılır. Həmin hissə daim yumşaldılır, alaqlardan təmiz saxlanılır və hər ay 3 %-li nitrafen məhlulu ilə işlənir.
Çiyələk bitkisinin əkin materialının istehsalı texnologiyası. Anaclıqda bitkilərə əsas qulluq işləri bığcıqların əmələ gəlməsinə və rozet yarpaqların köklənməsinə yönəldilməlidir. Bu məqsədlə intensiv böyümə fazasında xüsusilə quru hava şəraitində müntəzəm olaraq suvarma tətbiq olunmalıdır (Şəkil 3.4).
Torpaqda nəmlik TST-nun 75-80 %-i qədər olmalıdır.
Torpaq alaq otlarından təmiz saxlanmalıdır. Alaqlarla mübarizə məqsədilə erkən yazda 50 %-li (2,5...3 kq/ha) simazin məhlulundan istifadə olunur. Bığcıqlar sahəyə yatızdırılmamışdan əvvəl cərgə 2-3 dəfə alaqdan təmizlənir və cərgəarasında 4-5 dəfə kultivasiya aparılır. Sonra bığcıqlar torpaqla təmasa gətirilərək rozet yarpaqlar olan hissə azacıq torpağa sıxılaraq aşağı hissəsi torpaqla örtülür (Şəkil 3.5, Şəkil 3.6).
Anaclıqda tətbiq olunan əsas qulluq işlərindən biri də çiçək zoğlarının çıxdaş edilməsidir. Bu məqsədlə onlar meyvələr yaşıl rəngdə olan dövrdə kəsilib atılır, yaxud çiçəkləmiş bitkilər torpaq səthindən 10-15 sm yuxarıdan kəsilir. Şitil çıxımını artırmaq məqsədilə torpağın 60...100 t/ha hesabı ilə torfla mulçalanması daha məqsədəuyğundur. Mulçalama bığcıqlar torpağa düzülməmişdən əvvəl aparılır.
Erkən yazda və bığcıqlar əmələ gələn dövrdə 0,15...0,20 t/ha hesabı ilə ammonium nitratla, həmçinin 50...60 kq/ha hesabı ilə kalium sulfatla yemləmə aparılır. Rozet yarpaqlar köklənməmişdən əvvəl kolların yoxlanılması məqsədilə iki dəfə aprobasiya aparılması böyük əhəmiyyət kəsb edir. Sonra isə sorta uyğun olmayan, xəstə və zəif ana bitkilərin çıxdaş edilməsi məqsədilə bir neçə dəfə fitosanitar yoxlama aparılmalıdır.