3.1. Çiyələk
Çiyələk bitkisinin sənaye əhəmiyyətli plantasiyalarının əsasında sağlam əkin materialı durur. Bu baxımdan çiyələk bitkisinin əmtəəlik məhsul istehsalı və sağlam əkin materialı istehsalı üçün nəzərdə tutulan plantasiyaları ayrı-ayrılıqda salınmalıdır. Çiyələk bitkisinin əkin materialı super-superelit, superelit və elit olmaqla üç yerə ayrılır. İstehsalatda çiyələk bitkisinin reproduksiyan anaclığında sort təmizliyinə riayət olunmaqla sağlam elit əkin materialı istehsal olunur. Belə anaclığın 1 ha-dan 300...500 min ədəd əkin materialı alınır.
Anaclıq plantasiya üçün sahənin seçilməsi və onun təşkili. Çiyələk bitkisinin anaclıq plantasiyaları əmtəəlik məhsul istehsal edən plantasiyalarından 2 km məsafədə yerləşməlidir. Anaclıq plantasiya üçün düz səthə malik, mailliyi 5°-dək olan ərazilər seçilir. Su və soyuq hava durğunluğu olan dərələr, çökək yerlər anaclıq plantasiyalar üçün əlverişsizdir. Çiyələk anaclığı üçün yüngül və orta gillicəli, həmçinin qumsal torpaqlar daha əlverişlidir. Anaclıq plantasiya üçün seçilmiş ərazidə sələf olaraq çiyələk əkini olmamalıdır. Əgər həmin ərazidə çiyələk əkini olubsa sahədə ən az üç-dörd il digər bitkilər əkilməlidir. Eyni zamanda sələf olaraq kartof, pomidor, xiyar və kələm bitkilərindən istifadə olunması məsləhət görülmür. Seçilmiş ərazi suvarma sistemi ilə təmin edilməlidir. Sahə hakim küləklərdən mühafizə olunmalıdır.
Anaclıq salınmamışdan əvvəl torpağın xəstəlik və zərərvericilərlə yoluxma dərəcəsi müəyyənləşdirilməlidir. Əgər tələb olunarsa torpağın xəstəlik və zərərvericilərdən zərərsizləşdirilməsi tədbirləri görülməlidir. Sonra ərazinin torpağı əkin üçün hazırlanmalıdır. Bu məqsədlə əraziyə 100 t/ha üzvi gübrə, 400 kq/ha superfosfat və 350 kq/ha kalium xlorid verilməlidir. Üzvi gübrə kimi torf-peyin kompostundan geniş istifadə edilir. Kompostlaşdırılmamış peyindən istifadə olunması məsləhət görülmür. Çünki belə peyində alaq otlarının toxumları çox olur. Anaclıq plantasiya payızda salındıqda gübrələr əkinə ən azı bir ay qalmış şum altına verilir (Şəkil 3.1). Yaz əkini zamanı isə gübrələr sahəyə payızdan verilir.
Çiyələk anaclığı üçün seçilmiş ərazi əkindən qabaq frezerlə becərilir (Şəkil 3.2).