Öyrənmə elementinin vacibliyi haqqında məlumat:
Bildiyimiz kimi giləmeyvə bitkiləri az ömürlü və daha zərif olmaları ilə seçilir. Normal böyümə və inkişafa malik, yüksək məhsuldar giləmeyvə plantasiyalarının əsasında sağlam əkin materialı durur. Əkin materialının istehsalı zamanı burxaılan hər hansı bir xırda səhv plantasiyalarda böyük fəsadlara səbəb ola bilər. Ona görə də giləmeyvə bitkilərinin, xüsusilə xəstəlik və zərəvericilərə daha həssas olmaları ilə seçilən çiyələk, moruq, qarağat bitkilərinin sağlam əkin materialı istehsalının düzgün təşkili mühüm məsələlərdən biridir.
Qeyd olunanları nəzərə alaraq bu elementdə giləmeyvə bitkilərinin əkin materialının istehsalı ilə bağlı bütün məsələlər müasir tələblərə uyğun olaraq əhatəli şəkildə əks olunmuşdur. Belə ki, burada hər bir giləmeyvə bitkisinin anaclığı üçün sahənin seçilməsindən əkin materialının etiketlənib saxlanmasına qədər olan proseslər ardıcıl qaydada verilir.
Beləliklə bu elementin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz:
- giləmeyvə bitkiləri üzrə anaclıq sahələrin salınması üçün ərazinin seçilməsi və onun təşkili ilə bağlı məsələləri əhatəli şəkildə öyrənəcəksiniz;
- giləmeyvə anaclığının təşkili üçün sahənin seçilməsində təbii şərait - iqlim (yerli meteoroloji stansiyalardan rütubət, temperatur, işıq, hava və külək amilləri ilə bağlı götürülmüş çoxillik məlumatların təhlili) amillərinin giləmeyvə bitkilərinin tələbləri baxımından qiymətləndirilməsi, torpaq analizlərinin nəticələrinin təhlili, torpağın tipi və onun keyfiyyət göstəriciləri, qida maddələrinin miqdarı, qranulometrik tərkibi, torpaq sıxlığı, qrunt sularının səviyyəsi, pH dərəcəsi və d. göstəricilərə giləmeyvə bitkilərinin tələbi, relyefin giləmeyvə bitkilərinin tələbləri baxımından qiymətləndirilməsi, seçilmiş ərazinin təbii bitki örtüyünə əsasən bölgənin giləmeyvə bitkiləri üçün əlverişli olmasının müəyyən edilməsi ilə bağlı məsələlər haqqında ətraflı məlumat əldə edəcəksiniz;
- sahənin seçilməsində təsərrüfat-təşkilati şərait - əraziyə yaxın yaşayış yerlərinin, nəqliyyat yollarının mövcudluğu, su mənbələri və s. məsələləri müəyyən edəcəksiniz;
- anaclıq sahəsinin hazırlanması və təşkili - ərazinin düzləndrilməsi, mailliyin nizamlanması, torpağın şumlanması, əkin üçün hazırlanması, yumşaldılması, müxtəlif mexanizmlərin (torpaq frezeri, rotasiyalı mala, kultivator və s.) tətbiqi, tarla, sərnə və şəbəkələrin təşkili, küləkdən mühafizə tədbirləri, ana yol, ətraf yollar, şöbəarası, tarlaarası, sərnəarası, şəbəkəarası yolların salınması ilə bağlı təcrübəyə malik olacaqsınız;
- anaclıq plantasiyalarda giləmeyvə cinsləri üzrə növbəli əkin dövriyyəsinin tərtibi, növbəli əkində seçilən bitkilərə qoyulan tələblər haqqında biliklər əldə edəcəksiniz;
- giləmeyvə bitkilərinin əkin materialının istehsalı ilə bağlı təcrübələrə yiyələnəcəksiniz;
- giləmeyvə bitkiləri üzrə anaclıq plantasiya sahələrində tətbiq olunan aqrotexnoloji əməliyyatları (suvarma, gübrələmə, alaqlarla, qaysaqla mübarizə və s.) praktiki icra etmək vərdişinə malik olacaqsınız.