2.2.4. Kolların bölünməsi ilə artırma
Adətən kök pöhrəsi əmələ gətirən giləmeyvə birkilərini kolların bölünməsi yolu ilə də çoxaldırlar. Sahədə texnoloji əməliyyatın yüksək səviyyədə tətbiqi nəticəsində ana bitki külli miqdarda kök pöhrəsi əmələ gətirib kollanır. Payızda yarpaqlar töküləndən sonra və ya yazda tumurcuqlar şişənədək hər yaşlı bitkini qazıb çıxarırlar. Çıxarılmış bitkini silkələyərək onun köklərini torpaqdan təmizləyirlər. Sonra pöhrəni ana bitkidən ehtiyatla ayırırlar. Nəticədə bir ana bitkidən özünəməxsus kökü və yerüstü hissəsi olan çoxlu bitkilər əldə olunur (Şəkil 2.22).
Kolların bölünməsi yolu ilə moruq, böyürtkən, qarağat və firəng üzümü bitkiləri çoxaldırlar.
2.2.5. Kök pöhrələri ilə artırma
Ana bitkinin üfqi kökləri üzərində adventiv tumurcuqlar olur. Bu tumurcuqlar oyanıb zoğ - pöhrə əmələ gətirir. Hər pöhrənin ana bitkinin kökünə birləşdiyi yerdə kök yerləşir. Payızda yarpaq töküləndən sonra ana bitkinin ətrafını qazıb kök pöhrələrini ana bitkidən ayırırlar. Hər belə pöhrənin həm kök sistemi, həm də yerüstü hissəsi olur (Şəkil 2.23).
Kök pöhrəsi əmələ gətirən bitkinin bioloji üstünlüyü onun asanlıqla təbii olaraq sürətlə çoxalması, pozulmuş korrelyasiyon asılılığı asanlıqla bərpa etməsidir.