Qövsi basma. Cavan zoğlar qövs şəklində əyilərək onun qövsə oxşar hissəsi torpağa təmas etdiyi yerdə xırda çala açılır və budağın həmin hissəsinin alt tərəfindən bıçaqla bir neçə yerdən çərtib çalanın içərisinə yerləşdirirlər. Qalxmaması üçün onu haça ilə torpağa bərkidirlər, ucunu isə torpaqla örtmədən açıq vəziyyətdə sərbəst saxlayır və ya payaya bağlayırlar. Çalanı suvarıb budağın qövs vəziyyətində olan hissəsinin üzərini yumşaq torpaqla örtürlər (Şəkil 2.21).
Zoğun çalada olan qövsə oxşar hissəsi payızadək kök əmələ gətirir. Kök atmış qövsə oxşar bu hissəni payızda kəsərək ana bitkidən ayırır və qazıb çıxarırlar. Bu üsulla hər budaqdan bir ədəd yerüstü və yeraltı hissəsi olan bitki əldə olunur.
İlanvari basma. İlanvari basma qövsi basmanın bir formasıdır. Qövsi basmadan fərqlənərək burada bir neçə ədəd özünəməxsus yerüstü və kök sistemi olan bitki əldə olunur. Yazın əvvəllərində budağı ehtiyatla bir neçə dəfə əyib qövs vəziyyətinə salırlar. Bir neçə dəfə qövs vəziyyətinə salınmış belə budaq ilanvari formada olur. Hər qövsün torpağa təmas etdiyi yerin alt hissəsini iti bıçaqla çərtib çalanın içərisinə yerləşdirir, ağac və ya məftil haça ilə torpağa bərkidir, çalanın içərisini torpaqla doldurur, suvarır, budağın ucunu isə sərbəst buraxır və ya payaya bağlayırlar. Yaxşı qulluq nəticəsində hər budaqdan 3-4 ədəd yerüstü və kök sistemi olan bitki əldə edilir. Payızda kök əmələ gətirmiş hər qövsi budaq kəsilib ayırılır və əvvəlcədən müəyyən edilmiş yerə əkilir.