Üfqi basma. Üfqi basmaya çin basması da deyilir. Yazın başlanğıcında, hələ tumurcuqlar açılmazdan çox əvvəl ana bitkini torpaq səthindən 5-10 sm hündürlüyündə ölçüb, onun bu ölçüdən yuxarı hissəsini kəsib atırlar. Kötükdə olan tumurcuqlar oyanaraq çoxlu zoğ əmələ gətirir. Yaxşı qulluq nəticəsində zoğlar payızadək normal uzunluqda olurlar. Əgər basma tətbiq ediləcək kol bitkisində ötən ilki birillik zoğlar varsa, o zaman yerüstü hissə kəsilmədən həmin zoğlardan basma üçün istifadə etmək olar. Yazda tumurcuqlar açılmazdan əvvəl hər belə ana bitkinin ətrafında cərgələrin uzununa 6-8 sm enində, 6-8 sm dərinliyində, hər zoğun uzunluğuna münasib şırımlar açılır. Basdırılacaq zoğu (budağı) tədricən ehtiyatla əyərək üfqi vəziyyətə gətirib, hər şırımın içərisinə bir zoğ uzadır, qalxmaması üçün onu bir-iki yerdən ağac və ya məftil haça ilə torpağa bərkidirlər. Vegetasiya dövrü başladıqdan sonra şırım içərisindəki hər budağın üzərindəki tumurcuq açılıb zoğ əmələ gətirir. Əmələ gələn zoğlar 6-12 sm uzunluğunda olduqda onlar yarıya qədər qidalı torpaqla örtülür (Şəkil 2.19).
Zoğ uzandıqca onun torpaqla örtülməsi vegetasiya dövründə bir neçə dəfə təkrar olunur. Torpaq təpəciyi hər dəfə yüksəldilir və axırıncı dibdoldurmada torpaq təpəsi 25-30 sm hündürlüyə çatdırılır. Vegetasiya dövründə yaxşı qulluq nəticəsində torpaqla əhatə olunmuş zoğlar kök əmələ gətirir. Şırıma uzadılmış hər zoğdan orta hesabla 5-8 ədəd, bir ana bitkidə olan bütün zoğlardan isə 40-50 ədəd köklü bitki əldə olunur. Odur ki, üfqi basma iqtisadi cəhətdən çox faydalıdır.
Firəng üzümünün üfqi basma ilə artırılması şəkil 2.20-də verilir.