4. Maya göbələkləri də kök əmələgətirmə prosesi üçün yaxşı stimulyatordur. 2 l suda 200 q təzə maya (droj) həll edilir. Çiliklər həmin məhlulda 24 saat saxlanılır, sonra yuyularaq əkilir. Bu məhlulun tərkibində B qrupu vitaminləri və kök əmələgəlmə prosesi üçün faydalı fitonutrient maddələri var.
2.2.3. Basmalarla artırma
Giləmeyvə bitkilərindən qarağat və firəng üzümü basma ilə artırılır. Basma ilə çoxaltmaya respublikanın rayonlarında basdırma, qolatma, kümləmə, əndəliz, lüğəndə, ləqəndə, daldırma, fərqəndə, əymə də deyilir. Basma - ana bitkinin zoğunun və ya budağının ondan ayrılmadan torpaqla ünsiyyətə gətirilərək kökləndirilməsidir. Zoğ və ya budaq kök əmələ gətirdikdən sonra ana bitkidən ayrılır.
Basma üsulunun növləri Sxem 2.3-də verilir.
Qarağat və firəng üzümü bitkiləri əsasən şaquli, üfqi, qövsi və ilanvari basma üsulları ilə artırılır.
Şaquli basma. Basmanın bu növünə dibdoldurma və ya boğazdoldurma da deyilir. Onun icrası üçün yazın əvvəllərində hələ tumurcuqlar açılmazdan çox əvvəl ana bitkini torpaq səthindən 5-10 sm hündürlüyündə ölçüb, onun bu ölçüdən yuxarı hissəsini kəsib atırlar. Kötükdə olan tumurcuqlardan əmələ gəlmiş zoğlar 25-30 sm uzunluğunda olduqda, onlar yarıya qədər qidalı-rütubətli yumşaq torpaqla örtülür (Şəkil 2.17).
Zoğlar 50-60 sm uzunluğunda olduqda ikinci dəfə dibdoldurma aparılır. Torpaqla örtülmüş hər zoğun uzunluğunun yarı hissəsi torpaqlanmayaraq açıq vəziyyətdə qalır. Hər zoğun torpaqla örtülməmiş hissəsindəki yarpaqlar topladıqları plastik maddələrlə zoğu təmin edir, ana bitki isə torpaqdan suyu və suda ərimiş mineral maddələri kökləri ilə sorub həmin zoğlara verir.