Yarpaq ayalarının yarısını ona görə kəsirik ki, çilikdə olan suyu buxarlandırmasın. Yarısını isə ona görə saxlayırıq ki, gövdədə olan ehtiyat qida maddələri və su hesabına gedən fotosintez prosesi kök əmələgətirməni sürətləndirsin. Belə çilikləri qumda 10x10 sm məsafədə 1 sm dərinliyində əkərək suvarırlar. Çiliklər yaxşı qulluq nəticəsində qumda 25...28 °C temperatur şəraitində 30...40 gün ərzində kök əmələ gətirir, sonra onları çıxarıb, dibçəklərə əkirlər.
Substrat yüngül, yumşaq olmaqla rütubəti normal saxlamalı və hava cərəyanına şərait yaratmalıdır. Substrat 25-30 sm qalınlıqda yalnız qumdan və ya müxtəlif qarışıqlardan ibarət ola bilər. Bu halda birinci laya 10-25 sm qalınlığında çınqıl döşənilir. Çınqıl drenaj rolunu oynayır. Onun üzərində ikinci lay 12-15 sm qalınlığında torfla qum qarışığı, torfla perlit və ya torfla permikulit qarışığı olur. Üçüncü qat - üst qatı 5 sm qalınlığında təmiz çay qumu və ya yuyulmuş dəniz qumu olur. Hazırlanmış belə substratda çiliklər əkilir.
Substratın qidalı olması əsas şərtdir. Odur ki, hər m3 substrata 1 kq ammonium şorası, 2 kq superfosfat və 0,5 kq kalium xlorid qarışdırılır. Substrat həddindən artıq rütubətli olduqda çiliklər oksigenlə təmin edilmədiyindən onlar hətta kök əmələ gətirmədən çürüyərək məhv olurlar. Odur ki, substratda nəmlik 30-40 %, çilik əkiləcək binada isə havanın nisbi nəmliyi 80-100 % olmalıdır.
Örtülü sahənin bir hektarında əkilmiş yaşıl çiliklərdən bir dəfədə bir milyon köklü bitki əldə edilir. Əkilmiş çiliklər 20-40 gün ərzində kök əmələ gətirir. Eyni substratda bitkini bir neçə dəfə dalbadal əkib kökləndirmək olur. Bu baxımdan bir hektardan 6-8 milyon köklü bitki istehsal etmək olur. Yaşıl çiliklə çoxaltma iqtisadi cəhətdən çox faydalı və yüksək rentabellidir.
Normal böyümüş bitkiləri, içərisində torpaq olan sintetik torbalarda, +2…+3 °C istilikdə yazadək saxlayırlar. Bitki çox olarsa onlar açıq sahədə kökü torpaqlanmış vəziyyətdə saxlanılır. Kök əmələ gətirmiş bitkiləri vegetasiya dövründə çıxarıb, yarpaqlarını sıyırıb tökdükdən sonra da açıq sahəyə əkmək olur. Kök əmələ gətirmiş zəif bitkilərin böyümələri üçün onlar açıq sahədə 70-90 x 10-15 sm, ləkdə isə 20-30 x 10-15 sm məsafədə əkilir. Vegetasiya dövründə onlara qulluq edərək bağ salmaq üçün yararlı hala gətirirlər.
Çiliklə çoxaltma zamanı stimulyatorların tətbiqi. Çiliklərin kök əmələ gətirməsini asanlaşdırmaq məqsədilə fizioloji maddələrdən - biostimulyatorlardan istifadə edilir. Misal olaraq 0,01 %-li indolil yağ turşusu, alfanaftil sirkə turşusu, hetereauksin, “Kornevin”, “Qumisol” və s. göstərmək olar.
Biomstimulyatorları özümüz də hazırlaya bilərik. Bununla bağlı bir neçə sadə resept təqdim edirik:
1. 0,5 çay qaşığı bal yarım litr azacıq isti suda həll edilir. Çiliklər əkindən qabaq 4...6 saat müddətində bu məhlulda saxlanılır, sonra yuyularaq əkilir.
2. 1 xörək qaşığı əzvay şirəsi bir stəkan azacıq isti suya qatılır, şüşə bankaya tökülərək ağızı möhkəm bağlanır və 1 həftə müddətində qaranlıq yerdə saxlanılır. Sonra hazır məhlul 5 litr suya qarışdırılaraq stimulyator kimi istifadə olunur. Belə ki, çiliklər 4...6 saat müddətində hazırlanmış məhlulda saxlanılaraq yuyulmadan əkilir.
3. Söyüd suyu. Bir qabda su götürülür və oraya söyüd budaqları qoyulur. Budaqlar kök atanadək gözləyirik. Kök əmələ gəldikdən sonra budaqlar sudan çıxarılaraq atılır. Sonra həmin sudan çiliklərin kökləndirilməsi üçün stimulyator kimi istifadə edilir.