Əməliyyatın asanlığı, artıq xərc, əmək tələb etməməsi və kök əmələgətirmə faizinin yüksək olması bağçılıqda onun geniş tətbiqinə səbəb olmuşdur. Bu növ çoxaltma daşlaşmış hüceyrələri kambianal hüceyrə bölgüsünə mane olmayan və buna görə də asan kök vermək qabiliyyəti olan giləmeyvə bitkiləri (qarağat, firəng üzümü və kivi) üçün tətbiq edilir (Şəkil 2.11, Şəkil 2.12).
Çilik əsasən birillik hissələrdən tədarük edilir. Çiliyi bir qayda olaraq bitki nisbi sükunət dövründə olduqda - payızda və ya yazın əvvəllərində tədarük edirlər. Çiliyin payızda tədarükü çox faydalıdır. Çünki vaxt uzun olur, digər tərəfdən bəzi illərdə qışın şaxtalı olması nəticəsində ağacda olan birillik hissələr zədələnə və yaxud məhv ola bilər. Çiliyin tədarükü vaxtı onun kök əmələ gətirməsinə böyük təsir edir. Müəyyən olunmuşdur ki, payızda tədarük olunan çiliklərin kök əmələgətirmə faizi daha yüksək olur.
Çiliyin uzunluğu 20-30 sm, yoğunluğu 6-10 mm olmalıdır. Polyarlığın pozulmaması üçün çiliyin bazal (aşağı) tərəfini tumurcuğun altından düzünə, apikal (yuxarı) tərəfini isə tumurcuqdan azca yuxarı və onun arxa tərəfindən çəpinə kəsirlər. Çiliyi payızda yarpaq tökülən vaxtdan başlayaraq şaxtalar düşənədək tədarük etmək olur. İsti rayonlarda qışı şaxtasız illərdə çiliyi noyabr ayından aprel ayınadək tədarük etmək olur.
Sortların qarışmaması üçün çilikləri 50-100 ədəd birlikdə dəstə bağlayıb, hər dəstənin üzərinə etiket vururlar (Şəkil 2.13).
Çiliklər açıq sahəyə əkilənədək rütubətli təmiz çay qumu, torf, yaxud da ağac kəpəyinin içərisində +3…+4 °C-də zirzəmilərdə saxlanılır. Çilik çox olarsa onları açıq sahədə qazılmış xəndəklərdə üzəri torpaqla örtülmüş vəziyyətdə saxlayırlar. Yazda tumurcuqları tez açılan bitkilərin çiliklərini əkilənədək 0-1 °C-də saxlamaq tövsiyə edilir.
Əkindən qabaq sahə hazırlanmalıdır. Sahənin torpağı yumşaq olmaqla oraya çürüntü və torf verilir. Sonra sahədə şirimlar açılır. (Şəkil 2.14). Çiliklər bu şırımlara 1/3 hissəsi açıqda qalmaqla 45° bucaq altında əkilir. Sonra sahə suvarılır və torfla 3...5 sm qalınlığında mulçalanır. Çiliklər vegetasiyanın sonuna qədər köklənmiş olur (Şəkil 2.15).