Birillik şitil üzərində 2-3 ədəddən az olmayaraq normal inkişaf etmiş yarpaq olmalı, kök sistemi geniş, saçaqlı, hər kökün uzunluğu 4-5 sm-dən az olmamalıdır. Bığcıq üzərində ana bitkiyə yaxında yerləşən buğum qida maddələri ilə daha yaxşı təmin olunduğundan ondan əmələ gəlmiş şitil gümrah və yüksək keyfiyyətli olur. Odur ki, çiyələk plantasiyalarının salınması zamanı ilk növbədə belə əkin materialından istifadə edilir. Ana bitkidən uzaqda yerləşən şitillər isə ayrıca sahədə əkilib normal vəziyyətə gətirildikdən sonra çiyələk plantasiyalarının salınmasında istifadə olunur.
Əkin materialının keyfiyyəti ana bitkinin yaşından da xeyli asılıdır. Ana bitkinin yaşı 2-3 ildən artıq olmamalıdır. Yaşlı çiyələk bitkisinin meyvələri xırda, aşağı keyfiyyətli, məhsulu isə az olur. Odur ki, çiyələk bitkisinin bir sahədə dörd ildən artıq becərilməsi tövsiyə edilmir.
2.2.2. Çiliklə çoxaltma
Giləmeyvə bitkilərindən qarağat, firəng üzümü və kivi bitkiləri çiliklə artırıla bilər. Bu bitkilər əsasən odunlaşmış və yaşıl çiliklə artırılır.
Odunlaşmış çiliklə artırma. Odunlaşmış çiliklə artırma zamanı kollar qabaqcadan aprobasiya edilir, məhsuldar və sağlam bitkilər seçilir. Zoğ vegetasiya dövrünü qurtardıqdan sonra odunlaşır. Ümumiyyətlə giləmeyvə bitkilərinin odunlaşmış çiliklə çoxaldılması bağçılıqda qədim vaxtlardan tətbiq edilir.