Qrunt əl ilə bir qədər bərkidilir. Sonra 1,5 sm dərinliyində şırımlar açılır. Həmin şırımlar suvarılır. Toxumlar bir-birindən 2 sm məsafə qoyulmaqla həmin şırımlara səpilir (Şəkil 2.6). Toxumların üzəri 1 sm qalınlığında torpaqla örtülür.
Qrunt hazırlanarkən oraya mineral gübrələr kompleksi, yaxud çürümüş peyinlə ağac külü də əlavə olunması daha məqsədəuyğundur. Torpaqda olan zərərvericilər, alaq otları və xəstəliktörədicilərin zərərsizləşdirilməsi məqsədilə qızdırıcı şkafda və yaxud su hamamında dezinfeksiya edilir. Bu proses səpindən ən azı 3 həftə əvvəl aparılmalıdır ki, torpaq özünün mikrobioloji proseslərini bərpa edə bilsin. Sortlardan asılı olaraq toxumlar səpildikdən sonra 10...15 gündən 3....4 həftəyə qədər müddətdə cücərir. 2...3 ədəd həqiqi yarpaq əmələ gəldikdən sonra bitkilər pikirovka edilir (Şəkil 2.7, Şəkil 2.8 və Şəkil 2.9).