2.1. Generativ çoxaltma
Digər meyvə bitkilərində olduğu kimi giləmeyvə bitkilərində də toxumla çoxaltmadan əsasən seleksiya məqsədilə istifadə olunur. Çünki giləmeyvə bitkiləri də çarpaz tozlanan bitkilər qrupuna daxil olduqlarından hətta bir gilədən əldə olunmuş toxumlar belə fərqli bioloji-təsərrüfat göstəricilərinə malik olur. Yəni toxumdan əldə olunan bitki, sortun - ana bitkinin xüsusiyyətlərini əsasən özündə daşımır. Bu səbəbdən də toxumla çoxaltma üsulundan təsərrüfat şəraitində əkin materialı əldə etmək üçün istifadə olunmur. Bu üsuldan bəzən həvəskar bağbanlar istifadə edir.
Toxumla çoxaltma üsulunun əsas müsbət və mənfi cəhətləri Sxem 2.1-də verilir.
Qeyd edək ki, bütün giləmeyvə bitkiləri ümumilikdə toxumla artırıla bilir.
Giləmeyvə bitkiləri içərisində yalnız çiyələyin iri və xırda meyvəli bığcıqsız olan remontant tipli sortları (Regina, Baron Solemaxer, Əli-Baba, Aleksandriya, Renessans və s.) toxumla çoxaldılır.
Toxumla çoxaltmaq üçün toxumlar hazır paketlərdə toxum mağazalarından əldə oluna bilər. Yaxud toxumları özümüz tədarük edirik.
Çiyələk toxumlarının tədarükü üçün sağlam və məhsuldar bitkilər seçilir.
Toxum bitkinin aşağı və orta hissəsində olan iri meyvələrdən tədarük edilir (Şəkil 2.1). Bu cür giləmeyvələrdə toxumlar daha iri olur. Həmin toxumlardan əmələ gələn bitkilər yüksək məhsuldar olur.