Relyef. Digər meyvə-giləmeyvə bitkilərində olduğu kimi qarağat və firəng üzümü bitkilərinin də böyümə və inkişafında relyef mühüm rol oynayır. Qarağat və firəng üzümü üçün hamar səthə malik azacıq mailli (5...10°) açıq ərazilər daha əlverişlidir.
Nisbətən çökək yerlərdə salınmış plantasiyalarda firəng üzümü unlu şeh xəstəliyindən əziyyət çəkir. Çünki həmin ərazilərdə hava normal cərəyan etmədiyindən nisbi nəmlik artır. Firəng üzümü isə havanın nisbi nəmliyinin yüksək olmasına tab gətirmir. Nisbətən isti bölgələrdə firəng üzümü plantasiyalarının salınması üçün ərazinin əsasən şimal və şimal-şərq cəhətləri daha əlverişlidir. Çünki yay dövründə yüksək temperatur bitkinin böyümə və inkişafına mənfi təsir göstərir.
Qarağat bitkisi üçün küləkdən mühafizəli sahələr daha əlverişlidir. Qarağat bitkisinin seçilmiş ərazinin orta və cənub hissələrində əkilməsi daha məqsədəuyğundur. Çünki bu bitki istiliyə daha tələbkardır.
1.2.4. Kivi (Aktinidiya)
İşıq. Kivinin sutka ərzində ən azı 5...8 saat yaxşı işıqlanmaya malik bölgələrdə becərilməsi tövsiyə olunur. Kölgəli yerlərdə bu bitki normal böyüyüb məhsul verə bilmir.
Temperatur. Aktinidiya cinsinin şaxtaya davamlı (35…40 °C) olmasına baxmayaraq, kivi növü şaxtaya az davamlıdır. Qış dövründə 10°-yə qədər şaxtanı normal keçirir. Ümumilikdə kivi istiyə tələbkar bitkidir.
Rütubət. Kivi rütubətli bölgə bitkisidir. O, havanın və torpağın rütubətliyinə tələbkardır. İllik atmosfer çöküntülərinin miqdarı 500...1200 mm olan və mövsümlər arasında bərabər paylanan rayonlarda bu bitki müvəffəqiyyətlə becərilir.
Torpaq və qida elementləri. Yumşaq, qida maddələri ilə zəngin, zəif turşuluğa və ya neytral reaksiyaya (pH 4,5-7,0) malik torpaqlarda normal böyüyür. Qələvi reaksiyalı torpaqlar bu bitki üçün əlverişli deyil. Yüngül qranulometrik tərkibli, allüvial torpaqlar kivi üçün yüksək yararlıdır. Qrunt suları səthə yaxında yerləşən gilli və ifrat rütubətlənməyə malik torpaqlar bu bitki üçün əlverişsizdir. Belə torpaqlarda köklər adətən torpaq səthinə çıxır. Çünki kivi səthi kök sistemi əmələ gətirir. Köklərin 60 %-i torpaq sətindən 40 sm dərinlikdə yerləşir.
Bu bitki üçün yaxşı drenaja malik bütün torpaq tipləri əlverişlidir. Çünki kivi bitkisi köklər yerləşən torpaq qatında su durğunluğuna tab gətirmir. Eyni zamanda əhəngli torpaqlar da bu bitki üçün əlverişsizdir.
Qida maddələrinə həmişə böyük ehtiyac duyur. Bu bitkinin böyümə və inkişafında azot, fosfor və kalium mühüm rol oynayır. Kivi çiçəkləmədən əvvəl fosfora, məhsul verdikdən sonra isə fosfor və kaliuma daha tələbkar olur. Erkən yazda bitkinin azota tələbatı artır.
Relyef. Kivi üçün yaxşı işıqlanmaya malik ərazilər seçilir. Sahənin cənub və cənub-qərb yamacları bu bitki üçün daha əlverişlidir. Çünki bu cəhətlərdə yüksək temperatur və normal işıqlanma şəraiti mövcuddur.