Firəng üzümü rütubətə tələbkar bitkidir. Lakin torpaqda və havada rütubət çatışmazlığına qarağat bitkisi ilə müqayisədə daha davmalıdır. Firəng üzümü üçün qrunt suları torpaq səthindən 1,0...1,5 m dərində yerləşməlidir.
Torpaq və qida elementləri. Qarağat bitkisi üçün orta gillicəli qara torpaqlar, boz meşə torpaqları, çəmən qaratorpaqlar və çimli podzollaşmış torpaqlar daha əlverişlidir. Suvarma şəraitində qumsal torpaqlarda da becərilə bilər.
Qarağat bitkisi üçün karbonatlı, şoran və bataqlıq torpaqlar əlverişli deyil. Ona görə də əkin üçün seçilmiş sahənin torpağında əvvəlcə bitkinin tələbatına uyğun yaxşılaşdırma işləri aparılmalıdır. Qarağat bitkisi üçün pH 6,3...6,8 olmaqla zəif turş və neytral mühit əlverişlidir.
Firəng üzümü üçün gilli, gillicəli, qumlucalı, qumsal və qaratorpaqlar əlverişlidir. Bu bitki üçün bataqlıq, güclü podzollaşmış və turş torpaqlar əlverişsizdir. Çünki firəng üzümünün kökləri torpaqda rütubət artıqlığına davamsızdır.
Digər giləmeyvə bitkiləri ilə müqayisədə firəng üzümü torpağın turşuluğuna daha davamlıdır.
Qarağat və firəng üzümü üçün azot, fosfor, kalium və maqnezium əsas qida elementləridir.
Azot. Qarağat və firəng üzümü bitkilərində azot çatışmazlığı ilk növbədə zoğun orta hissəsində yerləşən yarpaqlarda özünü büruzə verir (Şəkil 1.53). Həmin hissələrdə olan yarpaqlar əsasən açıq yaşıl, sarımtıl rəng alır, bəzən isə narıncı, bənövşəyi və yaxud qırmızımtıl rəng çalarları da müşahidə olunur.
Fosfor. Qarağat və firəng üzümü bitkilərində yarpaqların xırdalaşması, tünd yaşıl və yaxud tünd bənövşəyi rəng alması, gilələrin xırda olması və sayının azalması, daha az çiçək tumurcuqlarının əmələ gəlməsi fosfor çatışmazlığından xəbər verir.
Fosfor çatışmazlığı zamanı bitkilərin qışadavamlılığı da aşağı düşür.
Kalium. Turş torpaqlarda, eyni zamanda maqnezium və kalsiumla doymuş torpaqlarda qarağat və firəng üzümü bitkiləri kalium aclığı yaşayır. Bu zaman yarpaqların rəngi ağarır. Sonra isə yarpaqların kənarlarında qırmızımtıl qonur rəngli haşiyə əmələ gəlir və yarpaqlar məhv olur (Şəkil 1.54). Qurumuş yarpaqlar koldan tökülmür və quruyaraq gövdə üzərində qalır. Kalium çatışmazlığı zamanı eyni zamanda buğumaraları qısalaraq zoğlar gödəlir. Kalium çatışmadıqda azot və fosforun bitkiyə təsir gücü də azalır. Eyni zamanda bitkinin şaxtaya davamlılığı da aşağı düşür.