1.2.3. Qarağat və firəng üzümü
İşıq. Qarağat bitkisinin ömrü, qışadavamlılığı və məhsuldarlığı işıqlanma şəraitindən birbaşa asılıdır. Ümumilikdə işıq çatışmadıqda gövdənin aşağı hissəsindən çılpaqlaşma başlayır. Yarpaqlar vaxtından əvvəl tökülür, məhsuldar hissələr məhv olur, zoğlar normal inkişaf edə bilmədyindən xəstəlik və zərərvericilərlə güclü sirayətlənir, nəticədə bitkinin ömrü gödəlir.
Qarağat sortları içərisində Avropa mənşəli sortlar kölgəyə daha davamlı olur. Əksər qarağat sortlarının kolları dağınıq olduğundan işıqla daha yaxşı təmin olunur.
Bitkiləri işıqla nomal təmin etmək məqsədilə cərgələr şimaldan cənuba doğru yerləşdirilməli, cərgəarası 2...3 m verilməklə kolda vaxtlı-vaxtında seyrəltmə aparılmalıdır.
Firəng üzümü qarağat bitkisi ilə müqayisədə işığa daha tələbkardır. Lakin azacıq kölgələnmə şəraitində cavan meyvə bağında cərgəarası bitki kimi də əkilə bilər.
Temperatur. Qarağat bitkisi cavan yaşda şaxtaya daha davamlı olur. Məhsula düşmüş bitkilərdə isə şaxtaya davamlılıq aşağı düşür. Qumsal, gillicəli və karbonatlı torpaqlarda bitkinin şaxtaya davamlılığı azalır.
Şaxtanın təsirindən zəif zədə almış bitkilərdə kambi qatının rəngində azacıq tündləşmə baş verir. Orta dərəcədə zədələnmiş bitkilərdə isə gövdə qabığı açıq qəhvəyi, kambi qatı qəhvəyi, oduncaq isə boz rəngdə olur.
Şaxtanın təsirindən güclü zədə almış bitkilərdə gövdə qabığı və kambi qatı daha tünd rəngdə, oduncaq isə tünd boz rəngdə olur.
Qara qarağat, firəng üzümü və çiyələklə müqayisədə qırmızı qarağat şaxtaya daha davamlıdır.
Bitkilərin normal böyüməsi üçün optimal temperatur 18...20 0C-dir. Orta sutkalıq temperatur 2...5 0C olduqda bitki vegetasiyaya başlayır. Temperatur 10 0C-dən yuxarı olduqda bitki güclü vegetativ boy atır.
Qarağat bitkisi ilə müqayisədə firəng üzümü istiyə daha az tələbkardır. Lakin onu da qeyd edək ki, Avropa mənşəli sortların əksəriyyətinin şaxtaya davamlılığı aşağıdır. Xüsusilə çiçəklər gec yaz şaxtalarının təsirindən zədələnə bilər. Firəng üzümünün kökləri torpaqda temperatur -3,2 0C olduqda məhv olur. Ona görə də qış dövründə kolun ətrafında torpaq torf, çürüntü, peyin və digər üzvi materiallardan istifadə etməklə mulçalanmalıdır. Ümumilikdə firəng üzümü 20 0C temperaturda normal böyüyüb inkişaf edir. Yayda yüksək temperatur bitkiyə mənfi təsir göstərir.
Rütubət. Qara qarağat quraqlığa daha az davamlıdır. Qızılı qarağat isə quraqlığa daha davamlıdır. Qırmızı və ağ qarağat isə quraqlığa orta dərəcədə davamlıdır. Qara qarağat tarixi inkişaf yolunu orta rütubətlənmə şəraitində keçdiyindən rütubətə daha tələbkardır. O, təbii şəraitdə çay sahillərində və bataqlıq ərazilərdə yayılmış meşə massivlərində bitir.
Qara qarağat səthi kök sistemi yaratdığından rütubətə yüksək tələbkardır. Qara qarağatla müqayisədə qırmızı və ağ qarağat güclü kök sisteminə malik olduqlarından rütubətə az tələbkardırlar. Qızılı qarağatda isə kök sistemi 2 m və daha dərinə işlədiyindən bitki quraqlığa daha davamlıdır.
İllik atmosfer çöküntüləri 500...600 mm olan və fəsillər arasında bərabər paylanan şəraitdə qarağat bitkisi müvəffəqiyyətlə becərilir.