Fosfor. Bu element çatışmadıqda bitki pis inkişaf edir. Bitkinin məhsuldarlığı aşağı düşür. Fosfor çatışmazlığı xüsusilə karbonatlı torpaqlada müşahidə olunur.
Fosfor çatışmazlığı zamanı yarpaqlar əvvəlcə tünd yaşıl rəngli, sığallı və parlaq olur, sonra isə bənövşəyi-tünd qırmızı rəng alır (Şəkil 1.49). Kök sistemi pis inkişaf edir və qonur rəngli olur. Meyvələri qeyri-bərabər rəngli olmaqla ləti yumşalır.
Kalium. Bu element çatışmadıqda zoğların böyüməsi ləngiyir. Kalium kəskin çatışmadıqda buğumaraları qısalır, boy dayanır və bu hal davam edərsə zoğlar tamamilə məhv olur. Bu elementin çatışmazlığı ilk növbədə yaşlı yarpaqlarda özünü büruzə verir. Bu zaman yarpaqlarda damararası hissələrdə qonurlaşma başlayır. Sonra isə yarpaq ayasının kənarları boyu nekroz baş verir (Şəkil 1.50).
Maqnezium. Maqneziumun çatışmazlığı əsasən yüngül mexaniki tərkibə malik qumsal torpaqlarda baş verir. Əvvəlcə yaşlı yarpaqlarda, sonra isə cavan yarpaqlarda maqnezium çatışmazlığı özünü büruzə verir (Şəkil 1.51).