Rütubət. Böyürtkən bitkisi moruqla müqayisədə quraqlığa daha davamlıdır. Moruq bitkisi rütubət çatışmazlığına daha həssasdır. Çünki böyürtkən bitkisinin kökləri torpağın daha dərin qatlarına gedir. Moruq bitkisinin kökləri isə nisbətən səthdə yerləşir. Ümumiyyətlə hər iki bitki çiçəkləmə və gilələrin yetişməyə başladığı dövrdə rütubətə daha böyük tələbat göstərir. Bu dövrdə rütubət çatışmazlığı baş verərsə zoğların böyümə sürəti aşağı düşür, çiçəklər inkişafdan qalır, gilələr xırdalaşır, məhsulvermə vaxtından əvvəl dayanır.
Yayın sonunda optimal rütubətlənmə şəraiti (80 %) pozulduqda zoğ və toxumaların yetişməsi prosesi ləngiyir, bitkinin şaxtaya davamlılığı aşağı düşür. Bununla bərabər köklər və kökümsov gövdələr rütubətin uzunmüddətli (6...9 gün) artıqlığına da davam gətirə bilmir. Torpaqda rütubət həddindən çox olarsa 3...5 gün ərzində köklər kiflənərək çürüyür və məhv olur. Qrunt suları torpaq səthindən ən azı 0,8...1,5 m dərinlikdə yerləşməlidir. Həm böyürtkən, həm də moruq bitkisi üçün illik yağıntıların miqdarı 700...750 mm olmaqla fəsillər arasında düzgün paylanan bölgələr daha əlverişlidir. Moruq havanın nisbi nəmliyinə daha tələbkardır. Vegetasiya dövründə havanın kəskin isti və quru olması, torpaqda hətta kifayət qədər rütubət olduğu halda belə yerüstü sistemdə zərif hissələrin zədələnməsinə, gilələrin qurumasına, deformasiyasına, məhsuldarlığın və onun keyfiyyətinin kəskin aşağı düşməsinə səbəb olur. Belə ki, münbit torpaqlarda müntəzəm suvarma şəraitində əgər havada nisbi rütubət 40 %-dən aşağıdırsa məhsuldarlıq kəskin azalır.
Torpaq və qida maddələri. Moruq torpağa və onun münbitliyinə tələbkar bitkidir. Bu bitki üçün mexaniki tərkibinə görə yüngül və kifayət qədər münbit torpaqlar daha əlverişlidir. Böyürtkən moruqla müqayisədə torpağa az tələbkardır. Lakin yaxşı drenaja malik gillicəli torpaqlarda gübrələmə şəraitində yüksək məhsul verir.
Moruq və böyürtkən çox turş və qələvi mühitə malik torpaqlarda pis böyüyür. Bu bitkilər üçün pH 5,7...6,5 təşkil edir. Ümumilikdə rütubət və qida maddələri ilə normal təmin olunmuş, orta sıxlığa malik yüngül gillicəli və qumsal mexaniki tərkibli boz podzollaşmış torpaqlar, qaratorpaqlar, çimçürüntülü kül torpaqlar və qəhvəyi torpaqlar bu bitkilər üçün daha əlverişlidir.
Moruq və böyürtkənin əhəngli torpaqlarda əkilməsi yolverilməzdir. Moruq və böyürtkən üçün əsas qida elementləri azot, fosfor, kalium, maqnezium və dəmirdir.
Moruq və böyürtkən azot və kaliuma daha çox, fosfora isə bir qədər az tələbkardır.
Azot. Moruq bitkisi bir vegetasiya dövründə sortlardan asılı olaraq 42...122 kq/ha azot mənimsəyir. Azot çatışmadıqda ilk növbədə bitkidə böyümə prosesi ləngiyir. Sonra isə yarpaqlar açıq yaşıl rəng alır (Şəkil 1.48). Azot çatışmazlığı ilk növbədə özünü yaşlı yarpaqlarda göstərir. Yarpaqlarda damararası hissələrdə qırmızıya çalar rəng müşahidə olunur. Azot çatışmadıqda köklər boz rəng alır.
Azot ifrat dərəcədə olduqda bitkilərin xəstəliyə davamlılığı aşağı düşür və gilələrin dad keyfiyyəti pisləşir. Bitkidə güclü vegetativ böyümə gedir, gövdələrin uzunluğu 3 m və daha çox olur, nazik olmaqla buğumaraları uzanır. Bu cür gövdələr məhsulun ağırlığına tab gətirə bilmir.