1.2.2. Moruq və böyürtkən
İşıq. Moruq və böyürtkən kifayət qədər işıqsevən bitkilərdir. İşıq çatışmadıqda zoğlar uzanır, məhsuldar hissələr kölgədə qalır, zoğların boyatma dövrü uzanır, yetişə bilmir və bitkinin qışa hazırlığı ləngiyir. Məhsul zoğları kölgədə qaldığından onlar da işığa doğru meyillənir, meyvələrin yetişmə müddəti uzanır və keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşür.
Əkin plantasiyalarında işıq rejimini müxtəlif üsullarla - sahə vahidində bitkilərin sayını optimallaşdırmaq, cərgələri şimaldan cənuba doğru yerləşdirmək, zoğları vaxtında gödəltmək, kol daxilində sıxlığı tənzimləmək və s. yollarla nizmalamaq olar.
Temperatur. Moruq və böyürtkən bitkilərinin temperatur rejiminə münasibəti sortun bioloji xüsusiyyətindən, becərilmə şəraitindən, həmçinin vegetasiya fazalarından və nisbi sükunət dövründən asılı olaraq dəyişir. Nisbətən aşağı temperaturda köklər normal böyüyür, yuxarı temperaturda isə zoğlar yaxşı böyüyür. Fəal temperatur cəmi 1300...1400 0C olan bölgələrdə moruq və böyürtkənin tezyetişən sortlarından, bu göstərici 1600...1700 0C təşkil edən bölgələrdə isə bir qədər gec yetişən sortlarından ibarət sənaye tipli plantasiyaların salınması daha məqsədəduyğundur. Bu şəraitdə əvəzedici zoğlar 150...180 sm uzunluğa çatır və payızda vegetasiyanın sonuna qədər üzərindəki yarpaqların 50 %-ə qədərini tökür. -5 0C şaxtalar düşənə qədər yarpaqların hamısı tökülür və zoğlar tam yetişərək qışa hazır olur.
Ümumilikdə bu bitkilər şaxtaya o qədər də davamlı deyil. Qışı quraq keçən şəraitdə zoğları və kökləri zədələnir. Bitkilərin müxtəlif hissələrinin şaxtaya davamlılığı da fərqlidir. Belə ki, köklər 21...24 0C şaxtada donur. Lakin qar örtüyü altında 32...37 0C şaxtaya davam gətirir. Gövdənin qabığı oduncağına nisbətən şaxtaya daha davamsızdır. Əksər sortların tumurcuqları isə 30 0C şaxtaya davam gətirir. Təcrübələrlə müəyyən edilmişdir ki, bu bitkilər noyab-dekabr aylarında şaxtaya daha davamlı olurlar. Həmin dövrdə 30...33 0C şaxtada bitki ciddi zədə alır. Yanvar-fevral, xüsusilə də mart aylarında bitkilərin şaxtaya davamlılığı kəskin aşağı düşür. Bu zaman bitkilər 22...25 0C şaxtaya davam gətirə bilirlər. Güclü küləklər əsən şəraitdə zoğlarda quruma müşahidə olunur. Şaxta vurma halından fərqli olaraq soluxma zamanı zoğun toxumaları qonur rəng almır. Küləklərin təsirindən soluxma halları adətən qışın ikinci yarısında, bitkilər məcburi sükunət dövründə olduqda baş verir. Yerüstü hissədə tumurcuq və zoğlarda küləyin təsirindən rütubət itkisi olur, kök sistemi isə sükunətdə olduğundan itirilmiş rütubəti bərpa edə bilmir. Beləliklə toxumalarda baş verən kəskin rütubət çatışmazlığı bəzən bitkinin tam məhvinə səbəb olur. Gec yaz şaxtaları isə bu bitkilərə zərər vurmur. Çünki digər giləmeyvə bitkiləri ilə müqayisədə moruq və böyürtkən kifayət qədər gec çiçəkləyir. Lakin moruğun bəzi tez çiçəkləyən sortlarında gec yaz şaxtaları çiçəkləri zədələyə bilir. Kütləvi çiçəkləmə fazasında -1,7...-2 0C şaxta bitki üçün kritik temperatur sayılır. Çiçəkləmənin sonunda isə -1,1...-1,6 0C şaxta mayalanmış çiçəklər üçün təhlükəlidir. Qısamüddətli (30 dəqiqə) -3 0C şaxtanın təsirindən çiçəklərin 1/3 hissəsi məhv olur. Bu şaxta bir qədər davam edərsə çiçəklərin hamısı məhv olur. Moruq və böyürtkənin normal böyüyüb inkişaf etmələri üçün orta sutkalıq temperatur 18...25 0C olmalıdır. Vegetasiya dövründə həddindən çox isti şəraitdə yarpaqların fəaliyyəti aşağı düşür, bitkidə quruma halları müşahidə olunur, meyvələr vaxtından əvvəl yetişir.