Dəmir. Bu elementin çatışmazlığı zamanı yarpaq ayası saralır, yarpaq damarları isə yaşıl rəngdə qalır (Şəkil 1.44). Yarpaqlar xloroza tutularaq məhv olur. Qeyd edək turş torpaqlarda dəmir çatışmazlığı müşahidə olunur.
Manqan. Elementin çatışmazlığı zamanı yarpaq ayasında çoxlu miqdarda sıx sarı rəngli ləkələr əmələ gəlir və onun kənarları azacıq yuxarıya doğru qalxır (Şəkil 1.45).
Mis. Mis çatışmadıqda bitkinin cavan yarpaqları əziyyət çəkir. Belə ki, bu zaman damarlar ya yaşıl rəngdə qalır, yaxud da mürəkkəb rənginə çalan tünd qəhvəyi rəng alır. Yarpaqlar soluxur, sanki rütubət çatışmır (Şəkil 1.47).
Kükürd. Bu elementin çatışmazlığı azot aclığı ilə oxşardır. Lakin azot çatışmazlığından fərqli olaraq burada yarpaqlar tökülmür.
Relyef. Çiyələk d.s. 500 m-dək hündürlüyə malik ərazilərdə becərilə bilər. Çiyələk plantasiyaları üçün azacıq mailliyə və yaxşı drenaja malik düzən ərazilər əlverişlidir. Sıldırım yamaclar, qrunt suları səthdə yerləşən ərazilər çiyələk bitkisi üçün əlverişsizdir. Qrunt suları səthə yaxın yerləşdikdə məhsuldarlıq kəskin aşağı düşür və bitki tamamilə məhv olur.