Fosfor. Bu elementin çatışmazlığı ilk növbədə məhsuldarlıq dövründə müşahidə olunur. Gilələr normal görkəmə malik olur. Lakin onlar çox dadsız və ləti yumşaq olur. Fosfor çatışmazlığı zamanı yarpaqlar xırdalaşır, al-qırmızı rəngli olur. Bəzən yarpaqlar dolğun tünd yaşıl rəngli olur. Fosfor çatışmazlığı vaxtında aradan qaldırılmazsa yarpaqların yuxarı hissədən kənarları parlaq metal rəng alır. Ayanın aşağı hissəsi isə qırmızı rəngli olur. Yarpaqlarda tünd qonur rəngli ləkələr əmələ gələrsə bitki artıq nekrozla yoluxur (Şəkil 1.37).
Kalium. Elementin çatışmazlığının ilkin əlamətləri nisbətən yaşlı yarpaqların yuxarı hissəsində müşahidə olunur. Belə ki, ayanın uc hissəsindəki dişciklər rəngini dəyişir, sonra yarpaq damarları boyu hissələr qızarır, sonda bütün yarpaq ayası rəngini dəyişir. Şəkil 1.38-də kalium çatışmazlığı artdıqca yarpağın rəngini dəyişməsi ardıcıllığı aydın verilmişdir.
Kalsium. İlk növbədə cavan yarpaqlarda kalsium çatışmazlığı özünü göstərir. Onlar öz qırışlarını (büküklərini) aça bilmir, ayanın uc hissəsi qaralır. Yarpaqlar öz formasını itirir, qırış-qırış olub dairəvi forma alır (Şəkil 1.39). Yarpaq saplağının toxumalarında nekroz baş verir və onlar quruyur (Şəkil 1.40). Eyni zamanda ayanın uc hissəsindəki dişciklərdə “şirə” damcıları müşahidə olunur. Meyvələr xırdalaşır, toxumlar meyvə səthi boyu daha sıx yerləşir.
Maqnezium. Bu elementin çatışmazlığı zamanı yarpaqların kənarları dişciklər boyu xloroza tutulur. Əgər maqnezium çatışmazlığı güclüdürsə həmin hissələr məhv olur. Həmin hissələrdə parıltı əmələ gəlir, sanki yarpaqların kənarları haşiyəyə alınır (Şəkil 1.41).