1.2. Giləmeyvə bitkilərinin ətraf mühit amillərinə tələbləri
1.2.1. Çiyələk
İşıq. Çiyələk işıqsevən bitkidir. Bu bitki üçün yaxşı işıqlanmaya malik ərazilər seçilməlidir. Lakin yüksək işıqlanmaya malik ərazilərdə yarımkölgəli yerdə də becərilə bilər.
Temperatur. Çiyələk ümumilikdə şaxtayadavamlı bitkidir. Bitkinin yerüstü hissəsi 10 0C-yə yaxın şaxtada məhv olur. Qar örtüyü olmayan bölgələrdə çiyələk bitkisi 18...20 0C şaxtada tamamilə məhv olur. Qalın qar örtüyü (20...30 sm) olan bölgələrdə isə 40 0C-dək şaxtaya davam gətirir.
Rütubət. Çiyələk rütubətsevən bitkidir. Fenofazalardan asılı olaraq çiyələk bitkisinin rütubətə tələbatı dəyişir. Belə ki, çiçəkləmə vaxtı rütubət çatışmazlığı baş verərsə çiçəklərin mayalanma faizi aşağı düşür. Məhsulvermə dövründə rütubət çatışmadıqda meyvələr xırdalaşır və məhsuldarlıq kəskin aşağı düşür. Payız dövründə rütubət çatışmazlığı baş verərsə gələn ilin çiçək tumurcuqları formalaşa bilmir. Ona görə də çiçəkləmə, meyvələrin yetişməsi və çiçək tumurcuqlarının formalaşması (payız) fazalarında suvarmaya ehtiyac duyulur. Lakin ifrat dərəcədə rütubətlənməyə davamsızdır. İfrat rütubətlənmə şəraitində məhsuldarlıq aşağı düşür, bitkinin xəstəliklərə və qışadavamlılığı azalır.
Torpaq və qida maddələri. Çiyələk üçün zəif turş (pH 5,5-6,5; Ес 0,4- 0,6) mühitə malik torpaqlar seçilir. Bitki üçün əlverişli torpaq tipləri: qumlucalı və yüngül gillicəli qara torpaqlar, boz meşə torpaqları, qəhvəyi meşə torpaqları, şabalıdı torpaqlar və s.-dir.
Yüksək qumsal və ağır gilli torpaqlar çiyələk bitkisi üçün yararsızdır. Çünki yüksək qumsal torpaqlarda rütubət və qida maddələri çatışmır. Ağır gilli torpaqlarda isə oksigen aclığı baş verir.
Çiyələk bitkisinin normal böyüyüb inkişaf etməsi üçün tələb olunan əsas qida elementlərinin çatışmazlığı səbəbindən bitkidə baş verən dəyişikliklərlə tanış olaq.
Azot. Bu element çatışmadıqda yarpaqlar ayanın səthi boyu saralır, yalnız yarpağın damarları boyu olan hissə və damarlar yaşıl rəngdə qalır. Eyni zamanda azot çatışmazlığı zamanı yarpaqlar qırmızım-bənövşəyi rəngdə də ola bilər (Şəkil 1.36).
Azot çatışmazlığından xüsusilə orta yaşlı yarpaqlar əziyyət çəkir, cavan yarpaqlar isə yaşıl rəngdə qalır. Çünki bitkinin torpaqdan ala bildiyi azotu cavan yarpaqlar mənimsəyir.