1.1.4. Firəng üzümü
Tumurcuqların tipləri. Vegetativ tumurcuqlar boy tumurcuğu, generativ tumurcuqlar isə mürəkkəb (qarışıq) tipli olur. Uzunluğu 40 sm-dən çox olan zoğlar üzərində yan tumurcuqların hamısı boy tumurcuğu olur. Qısa zoğlar (20...40 sm) üzərində isə boy və mürəkkəb tipli çiçək tumurcuqları qarışıq yerləşir. Firəng üzümünün çiçək tumurcuqları açıldıqda yarpaq və çiçək verir.
Budaq və zoğları tikanlıdır. Tikanlar tumurcuqların əsasında yerləşir (Şəkil 1.27).
Meyvəvermə xarakteri. Çiçək tumurcuqları birillik (qarışıq və ya mürəkkəb meyvə budaqcıqları), ikiillik və çoxillik hissələr (həlqəli və dəstə meyvə budaqcıqları) üzərində formalaşır. Məhsulun əsas hissəsi (70-80 %) bir və ikiillik budaqcıqlarda yaranır.
Çiçək. Firəng üzümü birevli bitki olub çiçəkləri ikicinsiyyətlidir. Özübarlı bitkidir (Şəkil 1.28).
Çiçək topası. Çiçək topası seyrək salxımdır. Hər salxımda 1-13 ədəd zəngşəkilli, yaşıl, ağımtıl və ya qırmızı rəngli çiçək yerləşir (Şəkil 1.29).
Toxum. Firəng üzümünün toxumları qəhvəyi rəngli olub bir qədər sərtdir (Şəkil 1.30).
Meyvənin tipi və quruluşu. Firəng üzümünün meyvəsi yalançı giləmeyvədir. Giləsi müxtəlif irilikdə (3-20 q), yumru və ya uzunsov oval formalı, ağ, yaşıl, sarı, çəhrayı, qırmızı, bənövşəyi, qara rəngli, tüklü və tüksüz olur (Şəkil 1.31).
1 - yumurtalıq; 2 - kasa yarpaqları;
3 - erkəkciklər; 4 - dişicik ağızcığı; 5 - ləçəklər;
6 - dişicik; 7 - meyvə.
1 - birçiçəkli; 2 - ikiçiçəkli; 3 - üççiçəkli