Meyvəvermə xarakteri. Qarağat bitkisi əsasən ikiillik hissələrdə məhsul verir. Qara, ağ və qızılı qarağat sortlarında birinci il güclü vegetativ böyümə gedir. İkinci ildən başlayaraq vegetativ böyümə ləngiyir. Bütün qarağat sortları birillik kök pöhrələrində demək olar ki, məhsul vermir. İkiillik hissələrdə isə az miqdarda məhsul formalaşır.
Bütün qarağat sortları dörd tip meyvə budaqcığında məhsul verir: qarışıq (uzunluğu 15...35 sm), adi (uzunluğu 10...15 sm), dəstə və həlqəli. Bu meyvə budaqcıqlarının təpə və böyür hissəsində yerləşən tumurcuqlar həm vegetativ, həm də generativ ola bilər. Belə ki, çiçək tumurcuqları əsasən zoğun böyründə yerləşir, təpə hissədə isə həm vegetativ, həm də generativ tumurcuq formalaşa bilər.
Dəstə meyvə budaqcığı əsasən qırmızı və ağ qarağat sortlarında olur. Bu meyvə budaqcığı 5 sm-ə qədər uzunluqda olub üzərində çiçək tumurcuqları sıx şəkildə yerləşir, təpə hissəsində isə vegetativ tumurcuq formalaşır. Bu tumurcuq açıldıqda uzunluğu 0,5...20 sm olan zoğ əmələ gətirir.
Çiçək. Qarağat bitkisində çiçəyin quruluşu sabit olmur. Kasa yarpaqlarının, ləçəklərin və erkəkciklərin sayı 4...5 ədəd arasında, dişiciklərin sayı isə 2...4 ədəd arasında dəyişir. Çiçəkləri zəngşəkilli olub ikiqat çiçək yanlığına malikdir (Şəkil 1.20, Şəkil 1.21, Şəkil 1.22). Çiçəkləri 7...9 mm uzunluğunda olub diametri 4...6 mm-dir. Qara qarağatın çiçəkləri bənövşəyi rəngə çalan, yaxud da çəhrayı boz rəngli olub xaricdən tükcüklərlə örtülüdür.
Qızılı qarağatın çiçəkləri sarı, yaxud da sarımtıl-yaşıl rəngli olub dikdurandır, uzunluğu 3...7 sm, diametri 1,5 sm-dir.
Qırmızı qarağatın çiçəkləri yaşılımtıl-sarı, qırmızımtıl-qonur rənglidir.
Çiçək topası. Qarağat bitkisində çiçək topasının tipi salxımdır. Qara qarağatda çiçək topası sallaq salxım olub 3...8 sm uzunluğundadır. Salxımın saplağı 3...8 mm olmaqla üzərində 5...10 ədəd çiçək yerləşir. Çiçəkləri beş üzvlüdür.