Toxum. Moruq və böyürtkənin toxumları bir qədər sərt qabığa malikdir. Çiyələk bitkisinin toxumları ilə müqayisədə bir qədər iridir (Şəkil 1.18).
1.1.3. Qarağat
Tumurcuqların tipləri. Orqan əmələgətirmə xüsusiyyətinə görə qarağat bitkisində tumurcuqlar vegetativ (boy), çiçək (sadə) və qarışıq (mürəkkəb) tumurcuqlara ayrılır (Şəkil 1.19). Boy tumurcuqlarından zoğ, sadə çiçək tumurcuğundan yalnız çiçək topası, qarışıq tumurcuqdan isə yarpaqlı qısa zoğ, yaxud rozet yarpaqla çiçək topası əmələ gəlir. Gövdənin əsasına yaxın hissələrdə yatmış tumurcuqlar yerləşir. Qırmızı və ağ qarağatda tumurcuqların əsas hissəsi zoğların uc hissəsinə yaxın hissələrdə yerləşir. Boy tumurcuqlarının əsası yayda güclü boy artımı fazasında qoyulur. Bu tumurcuqlarda yarpaq başlanğıcı da olur. Qara və qızılı qarağatda çiçək tumurcuqları mürəkkəb tipli olub zoğ, yarpaq və çiçək başlanğıcına malikdir. Qırmızı qarağatda isə çiçək tumurcuqları həm sadə, həm də mürəkkəb tipli olur. Çiçək tumurcuqları sadə və mürəkkəb tiplidir. Yaxşı inkişaf etmiş (boyu 15-30 sm) budaqlarda çiçək tumurcuğu qarışıq (mürəkkəb), zəif inkişaf edənlərdə isə təmiz (sadə) olur.