Çiyələk bitkisində generativ tumurcuq açıldıqda generativ zoğ əmələ gətirir. Generativ zoğun üzərində 1-2 ədəd yarpaq və çiçək topası olur.
Qeyd olunanlar əsasında çiyələk bitkisinin ümumi quruluşu Şəkil 1.8-də verilir.
Meyvəvermə xarakteri. Çiyələk bitkisində generativ zoğ buynuzcuq üzərində yerləşir. Generativ zoğ buynuzcuğun təpə hissəsində yerləşir, ortada yerləşən tumurcuqdan yeni buynuzcuq, aşağı hissədə yerləşən tumurcuqdan isə yeni buynuzcuqlar əmələ gəlir. Buynuzcuqların çiçək tumurcuqları ilə nəhayətlənməsi xarakteri (simpodiallıq xüsusiyyəti), yeni buynuzcuğun böyürdə əmələ gəlməsinə və gövdənin dikinə deyil, yana, üfqi istiqamətdə böyüməsinə səbəb olur. Məhsul verdikdən sonra generativ zoğ məhv olur, buynuzcuq isə kökün bir hissəsinə çevrilir.
Çiçək. Çiyələk bitkisi birevli olub, çiçəkləri ikicinsiyyətlidir (Şəkil 1.9).
Çiçəklərində 4...6 ədəd ləçək olur. Çiyələkdə çiçəklər mürəkkəb dişiciklidir. Yəni bir çiçəkdə dişiciyin sayı çoxdur. Erkəkciklərin də sayı çox olur. Çiyələk həşəratla tozlanır.
Çiyələk bitkisinin çiçəkləri yuxarı yumurtalıqlıdır. Yəni yumurtalıq çiçək yatağının üzərində yerləşir. Bu zaman çiçəyin yumurtalıq hüceyrələri mayalandıqdan sonra əmələ gəlmiş gilədə kasacıq aşağıda yerləşir.
Çiçək topası. Çiçək topası dixaziyadır. Hər çiçək topasında 5-14 ədəd çiçək olur. Bu çiçək topası tipinin xüsusiyyəti ondan ibarətdir ki, əsas çiçək oxunun təpə tumurcuğunun altında qarşı-qarşıya yerləşmiş iki tumurcuqdan əmələ gəlmiş iki eyni xarakterli zoğlar güclü böyüyərək əsas çiçək oxundan daha uzun və gümrah olurlar. Əsas çiçək oxu qısa olub onun ucunda bir çiçək yerləşir. Əsas oxun təpə tumurcuğunun altında iki qarşı-qarşıya yerləşmiş tumurcuğun hər birindən əmələ gəlmiş uzun zoğların ucunda təpə tumurcuq, onun altında isə qarşı-qarşıya yerləşmiş iki tumurcuq olur.Bu qayda ilə hər zoğ haçalanaraq yan zoğlar əmələ gətirir, onların da hər birinin ucunda bir çiçək yerləşir. Dixaziy çiçək topasında əvvəlcə mərkəzdə yerləşən zoğun ucundakı qönçə açılır, sonra kənarda yerləşən qönçələr ardıcıl açılır.
Meyvənin tipi və quruluşu. Çiyələyin meyvələri giləmeyvə qrupuna aiddir. Giləmeyvələrdə toxum yuvası olmur və toxumlar birbaşa şirəli lətin içərisində yerləşir. Çiyələk meyvəsi yalançı meyvədir. Meyvə çiçək yatağının şişməsindən əmələ gəlir. Çiyələk meyvələri quruluşuna görə yığım meyvə tipinə daxildir. Yığım meyvə dedikdə bir çiçək yatağı üzərində bir-birinə six bitişmiş dişiciklərdən əmələ gəlmiş gilələr nəzərdə tutulur. Yəni burada hər gilə bir dişicikdən əmələ gəlmişdir və onlar bir əsasda bir-birinə bitişdiyindən yığım meyvə adlanır. Çiyələk bitkisində meyvənin quruluşu Şəkil 1.10-da verilir.