Giləmeyvə bitkilərində tumurcuqların tipləri, meyvəvermə xarakteri, çiçək, çiçək topası və meyvənin quruluşu haqqında aşağıda geniş məlumat verilir.
1.1.1. Çiyələk
Tumurcuqların tipləri. Bu bitkidə orqan əmələgətirmə xüsusiyyətinə görə tumurcuqlar vegetativ və generativ olmaqla iki qrupa ayrılır. Vegetativ tumurcuqlar özləri də orqan əmələgətirməsinə görə üç tipdə olur: açıldıqda qaytanabənzər zoğ - bığcıq əmələ gətirən, açıldıqda qısa zoğ – buynuzcuq əmələ gətirən və açıldıqda yarpaq əmələ gətirən.
Qısa zoğ - buynuzcuq gövdənin yuxarı hissəsində olan tumurcuqlardan əmələ gəlir. Üzərində 3...7 ədəd yarpaq olmaqla 1,0...1,5 sm uzunluğundadır. Bu zoğun üzərində, gələn il açılacaq vegetativ və generativ tumurcuqlar formalaşır.
Qayatanabənzər zoğ - bığcıq çiyələk bitkisinin vegetativ artırılma orqanıdır. Bığcıqlar torpaq səthinə sərilərək böyüyür və hər cüt buğumdan (2-4-6 və s.) qırçın (rozet) yarpaqlar əmələ gəlir. Bu hissə torpaqla ünsiyyətə gəldikdə köklənir və yeni bitki yaradır. Cavan yaşlarında bığcıqlar daha çox əmələ gəlir.
Yarpaqlar - mürəkkəb tipli olub uzun saplaq üzərində 3 ədəd olmaqla yerləşir. Yarpaqlar il ərzində 2 dəfə təzələnir. İlk dəfə yazda, ikinci dəfə isə meyvələr yetişdikdən sonra təzə yarpaq yaranır. Yarpaqların sayı məhsuldarlığa təsir göstərən əsas amildir. Yarpaq sayı ilə kolun məhsuldarlığı arasında birbaşa asılılıq var. Bığcıq üzərində olan yarpaqlar sıx yerləşib qırçın yaradır. Generativ zoğlarda isə yarpaqlar tək-tək yerləşir.