Çiyələyin həm təzə halda, həm də emal sənayesi üçün istehsalı zamanı məhsulun müvəqqəti saxlanılması tələb olunur. Xüsusilə təzə halda istifadə üçün yığılmış gilələr mexaniki zədəsiz, xəstəliyə yoluxmamış və zərərvericilər tərəfindən zədələnməmiş olmalıdır. Çiyələk meyvələri yığımdan sonra öz-özünə qızışandır. Bu baxımdan da keyfiyyətini tez itirir. Bir ton çiyələk məhsulu 27 °C temperatur şəraitində 10 000 kkal-dən çox enerji ayırır. Temperaturun 0 °C-yə endirilməsi ayrılan enerjinin 830 kkal-a düşməsinə səbəb olur. Ona görə də yığımdan sonra məhsulun soyudulması əsas şərtlərdən biridir. Məhsul soyudulduqdan sonra onun təkrar qızışmasına yol vermək olmaz. Bu zaman çiyələk məhsulunda nisbi nəmlik kəskin artdığından gilələr qısa müddətdə xarab olur.
Çiyələk məhsulunun saxlanması zamanı optimal rütubətlənmə səviyyəsi 90-95 %-dir. Nisbi nəmlik aşağı düşdükdə gilələr turqor vəziyyətini itirir və onların nəqliyyata davamlılığı aşağı düşür.
Saxlanma zamanı giləmeyvələrin keyfiyyətinin aşağı düşməsinin qarşısını almaq məqsədilə onlar saplaqlı olmaqla 1,5-2,0 kq həcmində yeşiklərə, yaxud da 500-700 q-lıq karton qutulara yığılır. Saxlanma zamanı giləmeyvələr 800-1000 q-lıq həsir səbətlərə də yığıla bilər. Sonra qabqarılmış məhsul xüsusi saxlayıcılara daşınır (Şəkil 7.10).
Moruq və böyürtkən. Yığımdan sonra moruq və böyürtkən məhsulu 3-4 gün müddətində soyuducularda saxlanıla bilər. Sort xüsusiyyətindən asılı bir qədər uzun müddət də saxlanıla bilər.
Yığılan məhsulun saxlanılma keyfiyyəti onun yığımdan sonra dərhal soyuduculara yerləşdirilməsi ilə sıx əlaqədardır. Əgər məhsul yığılan kimi soyuduculara yerləşdirilərsə gilələrin çürümə təhlükəsi azalır. Məhsul yığıldıqdan sonra 20-40 dəqiqə ərzində onun daxili temperaturu 3-5 °C-yə endirilməlidir. Belə olduqda məhsul itkisinə səbəb olan proseslər ləngiyir. Əgər məhsulun yaxın 2-3 gün ərzində istifadəsi planlaşdırılırsa onlar yığımdan sonra ən azı 2-3 saat ərzində soyuduculara daşınmalıdır. Bu zaman məhsulun temperaturu +8...+10 °C olmalıdır. Daşınma zamanı temperatur +10...+15 °C, saxlama temperaturu isə +4...+5 °C-dir.