7.1. Məhsul yığımının təşkili
Məhsul yığımı giləmeyvəlilərin məhsul istehsalında ən ümdə məsələlərdən biridir. Məhsul istehsalının iqtisadi səmərəliliyi onun yığımının düzgün təşkilindən, yığımın və realizənin vaxtında itikisiz aparılmasından əhəmiyyətli dərəcədə asılıdır. Məhsul yığımı üçün tələb olunan resurslar - qablama materialları (qab, qutu, yeşik, kisə, həsir və s.), onun daşınma vasitələri və s. əvvəlcədən hesablanmalıdır. Bu baxımdan giləmeyvəlilərin məhsul yığımının təşkili aşağıdakı mərhələlərdən ibarətdir:
Mövsümi işçilərə tələbat məhsuldar sahədən və məhsul yığımı zamanı hökm sürən hava şəraitindən birbaşa asılıdır. Bir işçinin əmək məhsuldarlığı işin təşkilindən və giləmeyvə plantasiyalarının məhsuldarlığından asılıdır. Müxtəlif vaxtda yetişən sortlardan təşkil olunmuş plantasiyalarda əmək resurslarından daha səmərəli istifadə olunur və istehlakçıların giləmeyvə məhsulu ilə daha uzun müddətli təminatına şərait yaranır.
Yığım vaxtı və yığım yetkinliyi giləmeyvə bitkilərinin sort xüsusiyyətindən və yığılan məhsulun istifadə istiqamətindən asılı olaraq təyin olunur. Təzə halda əmtəəlik məhsul satışı üçün gilələr saplaqla birgə dərilir. Emal üçün nəzərdə tutulan məhsul isə saplaqsız yığılır. Lakin saplaqsız məhsul daha tez xarab olduğundan o, yığılan kimi emal zavodlarına çatdırılmalıdır. Çiskinli-yağışlı havalarda məhsul yığımı məqsədəuyğun deyil. Çünki yaş gilələr daha tez çürüməyə başlayır. Əmtəəlik məqsədlə gilələr daha ehtiyatla dərilməlidir. Çünki onlar çox zərif olduqlarından (xüsusilə də çiyələk, moruq, böyürtkən bitkilərində) və tam yetişmə dövründə yığıldıqlarından əzilməyə meyilli olurlar. Yığım məntəqəsində Günəş şüalarından qoruyan çardaqlar olmalıdır.
Həm yığılmış məhsulun keyfiyyətinə, həm də məhsuldar plantasiya sahəsinə ciddi nəzarət olunmalıdır. Çünki yığılmış məhsulun içərisində və plantasiya sahəsində yetişib ötmüş meyvələr boz çürümə xəstəliyinin əsas mənbəyidir. Ona görə də həmin meyvələr sahədən çıxarılmalıdır. Onları torpağa tökmək olmaz.
Çiyələk. Yüksək məhsuldar çiyələk plantasiyasında məhsul 2-3 gündən bir 8-10 dəfə yığılır. İlk meyvələr çiçəkləmədən 3 həftə sonra yetişməyə başlayır. Sortdan asılı olaraq məhsul yığımı çiçəkləmədən 25-30 gün sonra başlayır (Şəkil 7.1). İsti havada məhsul səhər şeh quruduqdan sonra, yaxud da axşam tərəfi yığım aparılır. Yığılmış gilələrin Günəşin təsirindən mühafizəsi məqsədilə onlar çardağın altına daşınır.
Əmtəəlik satış üçün gilələr saplaqla birlikdə dərilir və tutumu 2-3 kq olan səbət və qutulara yığılır. Yığılmış meyvələr dərhal istifadə üçün göndərilir. Uzun müddətli saxlama üçün soyuduculardan istifadə edilir.