Mişarlayıcılar. Adətən firəng üzümündə sarı rəngli mişarlayıcı (Şəkil 6.50) və qara qarağat bitkisində gilə mişarlayıcısı müşahidə olunur (Şəkil 6.51).
Firəng üzümündə zərərvericinin ən təhlükəli mərhələsi yetkin sürfə (yalançı tırtıl) mərhələsidir. Onlar yarpaqları tamamilə məhv edir və ancaq yarpaq damarları qalır. Nəticədə gilələr quruyaraq tökülür və yaxud ümumiyyətlə əmələ gəlmir.
Qara qarağatda isə mişarlayıcılar gilələrə böyük ziyan vurur. Belə ki, məhsul yığımına az qalmış onlar kəskin böyüyür və rəngləri daha parlaq olur. Lakin bu zərərvericinin təsirindən olan yalançı yetişmədir və gilələr tezliklə tökülür.
Mübarizə tədbirləri. Çiçəkləmədən sonra kollara “Bitobaksibatsillin” (10 l suya 100 q) və yaxud “Lepidotsid” (10 l suya 50 q) preparatlarından biri ilə çiləmə aparılır.
Firəng üzümü qarışçısı. Sarımtıl-ağ rəngli, üzəri qara xallı zərərverici kəpənəkdir. Yazda kəpəniyin tırtılları tumurcuqları və cavan yarpaqları gəmirir. Yayın əvvəllərində onlar puplaşır, iyunun axırlarında isə baramalardan kəpənəklər uçur. Onların uçuşu iyulun ortalarına qədər davam edir. Dişi fərdlər öz yumurtalarını yarpaqların alt hissəsində damararlarına qoyur.