Qızıl kəpənək. Qarağat və firəng üzümü bitkilərinin ən təhlükəli zərərvericilərindəndir. Çiçəkləmə vaxtı bir dişi kəpənək çiçəklərə 200-ə qədər yumurta qoyur. Yumurtalardan tırtıllar əmələ gəlir və onlar gilələrlə, yarpaqlarla qidalanır. Onlar gilələrin və yarpaqların üzərini torla sarıyır (Şəkil 6.47). Hər bir tırtıl 10-15 giləni məhv etmək qabiliyyətinə malikdir.
Mübarizə tədbirləri. Çiçəkləmədən əvvəl və sonra qarağat və firəng üzümü kolları “İskra” və yaxud “Fufanon-Nova” insektisidlərindən biri ilə çilənir. Bu məqsədlə həmçinin 1 %-li “Bitoksibatsillik” və 0,3 %-li “Lepidotsid” preparatlarından da istifadə oluna bilər.
Tumurcuq gənəsi. Əgər yazda qarağat və yaxud firəng üzümü kollarında xırda kələm “başcıq”larına oxşayan iri şişkin tumurcuqlar müşahidə olunarsa, deməli onların içərisində tumurcuq gənəsi mövcuddur (Şəkil 6.48). Tumurcuq daxilində sürfələr üçün sıxlıq olarsa onlar digər tumurcuqlara keçir. Beləliklə kütləvi surətdə çiçək tumurcuqlarının zədələnməsinə səbəb olurlar. Gənələr həmçinin virus mənşəli çoxləçəklilik xəstəliyinin daşıyıcısı da ola bilərlər.
Mübarizə tədbirləri. Mexaniki mübarizə məqsədilə şişkinləşmiş tumurcuqlar qoparılır. Çiçəkləmədən əvvəl, gənələr hələ zəif olan dövrdə “Tanrek”, “Fuafanon-Nova”, “Detsis” və d. insektisidlərdən biri ilə çiləmə aparılır.
Qarağat şüşəqanad. Bitkilərin yaz budaması zamanı şüşəqanadın zədələri aydın görünür. Bu zərərvericinin tırtılları zoğların daxilində yaşayır və özlərindən sonra zədələr buraxırlar. Onlar zoğların daxili hissədi ilə qidalana-qidalana gedirlər (Şəkil 6.49). Bu səbəbdən də zoğ və budaqlar böyüməsini dayandırır, quruyur və məhv olur.
Mübarizə tədbirləri. Gənə və tumurcuq güvəsində olduğu kimi mübarizə aparılır.