Mübarizə üsulları. Qabaqlayıcı tədbir olaraq bitki qalıqları, tökülmüş yarpaqlar, zədələnmiş zoğlar sahədən kənarlaşdırılaraq yandırılır. Tumurcuqların şişdiyi dövrdə “İskra” (10 l suya 1 həb) və yaxud 0,1 %-li “Aktara” preparatının məhlulu ilə çiləmə aparılır.
Qarağat mənənəsi. Qırmızımtıl rəngli şişkin ləkələrə malik əyri-üyrü yarpaqlar və əyilmiş zoğlar mənənələrin bitkilərə hücumundan xəbər verir. Bu zərərvericinin koloniyalarına yarpaqların alt tərəfində, zoğlarda rast gəlmək olur (Şəkil 6.45). Zərərverici məhz həmin hissələrdə qışlayır.
Mənənənin yumurtalarını məhv etmək məqsədilə bitkilər tumurcuqlar açılana qədər isti su ilə suvarılır. Həmçinin qarağat kolları “Fufanon”, “Detsis”, “Aktara”, “İnsektor”, “İskra”, “İnta-Vir”, “Kinmiks” və d. insektidilərlə işlənir.
Firəng üzümündə gövdə mənənəsi. Yetkin fərdlər açıq yaşıl rəngli gövdə və başa, qara rəngli ayaqcıqlara malikdir. Ən böyük zərəri tumurcuqlar şişən dövrdə yumurtalardan çıxan sürfələr verir. Mənənə tumurcuqların və cavan zoğların şirəsini sorur. Bitkilərin böyüməsi dayanır. Cavan zoğlar üzərində qırışmış yarpaqlardan ibarət topalar əmələ gəlir (Şəkil 6.46). Həmin hissələrin daxilində zərərverici qidalanaraq çoxalır. Payızda dişi fərdlər qışlamaq üçün yenidən yumurtalar qoyur.
Mübarizə tədbirləri. “Fitoverm” (10 l suya 1 həb) preparatı ilə çiləmə aparılır. Bir vegetasiya dövründə 2-3 dəfə çiləmə aparılır.