Moruqda gövdə fır əmələgətirəni. 2 mm uzunluğunda, qəhvəyi rəngli olub ağcaqanadı xatırladır. Çiçəkləmə vaxtı gövdələrin aşağı hissələrində yumurta qoyur. Yumurtalardan əmələ gələn sürfələr zoğların daxilinə doğru hərəkət edərək bitkini məhv edir. Xarakterik xüsusiyyəti gövdə qabığının altında fır əmələ gətirməsidir (Şəkil 6.41).
Mübarizə tədbirləri. Zədəli zoğ və gövdələr dərhal kəsilərək sahədən uzaqlaşdırılma-lıdır. Qabaqlayıcı tədbir olaraq vegetasiya dövründə torpaq 2 dəfə 0,3 %-li “Xlorofos” məhlulu ilə işlənməlidir. Birinci çiləmə yazda torpaqda temperatur 13 0C olduqda (zərəvericilərin ilk uçuş vaxtı), ikinci çiləmə isə ondan 10 gün sonra aparılır.
Moruq-çiyələk uzunburnu və yaxud çiçəkyeyən böcək. Uzunburun böcək çiçək tumurcuqlarını daha çox zədələyir. Dişi fərdlər öz yumurtalarını çiçək tumurcuqlarına qoyur. Bir müddətdən sonra yumurtalardan sürfələr çıxır. Sürfələr əvvəlcə qönçələrlə qidalanır, sonra yarpaqlara keçir. Yazın əvvəllərində zərərvericinin təsirindən yarpaqlarda deşiklər əmələ gəlir. Zədələnmiş qönçələr nazik gövdələrdən asılı vəziyyətdə qalır (Şəkil 6.42).
Mübarizə tədbirləri. Mexaniki mübarizə məqsədilə kollar silkələnərək zərərvericilər sahədən yığılır. Qabaqlayıcı tədbir olaraq moruq cərgələrinin kənarlarında sarımsaq, ərikgülü, sabahgülü, gülünbahar bitkiləri əkilir. Əgər sahədə zərəverici geniş yayılıbsa çiçəkləmədən əvvəl və sonra “Fufanon-Nova”, çiçəkləmədən əvvəl və məhsul yığımından sonra bir kola 2 l hesabı ilə “Kemifos”və “İskra-M” preparatlarından biri ilə çiləmə aparılır.