Zəhər zərərvericinin bağırsaq yoluna düşdükdən bir saat sonra o, qidalanma qabiliyyətini itirir və bir sutka ərzində məhv olur.
Zərərvericiyə qarşı “Akreks” preparatından da istifadə edilməsi məqsədəuyğundur. Preparat istiqanlı həşəratlar üçün yüksək toksiki (zəhərləyici) təsirə malikdir. Bal arıları üçün təhlükəsizdir. Çiçəkləməyə qədər və məhsul yığımından sonra 0,15-0,2 %-li kəsafətliyə malik məhlulu ilə çiləmə aparılması tövsiyə olunur.
Hörümçəyəbənzər həşəratlara qarşı güclü təsir göstərən “Aktellik” kimyəvi preparatından da istifadə olunur. Kontakt və fumiqasiyaedici təsir gücünə malikdir. Vegetasiya müddətində 4 dəfədən artıq istifadəsinə yol verilmir. Axırıncı çiləmə məhsul yığımından 20 gün əvvəl aparılmalıdır. Giləmeyvə bitkiləri üçün 0,1-0,2 %-li məhlulu ilə çiləmə aparılması tövsiyə olunur.
Hörümçək gənəsinə qarşı bir sıra biopreparatlardan da istifadə olunur: “Akarin”, “Bitoksibatsillin” və “Fitoverm”.
“Akarin”in təsiredici maddəsi neytroksinlərdən ibarətdir. Həşəratların orqanizminə daxil olaraq onları iflic edir. Preparat üzərində göstərilən təlimata uyğun istifadə edilir.
“Bitoksibatsillin” preparatı daha məşhurdur. Zərərvericilərə qarşı geniş istifadə olunur. Biopreparat hörümçək gənəsinin həzm sisteminə təsir göstərir. 10 l suya 100 q preparat əlavə olunaraq məhlul hazırlanır və çiləmə aparılır.
“Fitoverm” xeyirli həşəratlara qarşı təhlükəsiz olub ancaq zərərvericiləri məhv edir. Preparat 2, 4, 10 ml-lik ampulalarda və yaxud 5 l-lik kanistrdə istehsal olunur. +25 0C-yə yaxın temperatur şəraitində tətbiqi yüksək nəticə verir. Bitkini mühafizə müddəti 20 gündür.
Moruq gənəsi. Dişi fərdlər tumurcuğun xarici qabığının altında qışlayır. Yazda, yarpaqlar əmələ gələn dövrdə gənələr gizləndikləri yerdən çıxırlar və bitkinin hüceyrə şirəsi ilə qidalanırlar. Əsasən cavan yarpaqların alt hissəsində məskunlaşırlar. Bu səbəbdən də yarpaqlar qırışır, damarlar arasında açıq rəngli ləkələr əmələ gəlir, kollar pis böyüyür (Şəkil 6.40).
Mübarizə tədbirləri. Zərərverici ilə mübarizə məqsədilə əsasən “Karbofos”, “Aktellik”, “İskra” və digər insektisid-akarisid preparatlardan istifadə edilir.