Kimyəvi mübarizə məqsədilə çiçəkləməyə qədər 10 %-li karbofosdan istifadə edilməsi tövsiyə olunur.
6.2.2. Moruq və böyürtkən
Moruq və böyürtkənin məhsul və zoğlarını məhv edən kifayət qədər zərəvericilər mövcuddur. Aşağıda həmin zərərvericilərin vurduğu ziyan və onlara qarşı mübarizə tədbirləri haqqında geniş məlumat verilir.
Moruq böcəyi. Moruq böcəyinin təsirindən kolun məhsuldarlığı azalmaqla yanaşı meyvələri də yararsız vəziyyətə düşür. Zərərverici zoğların ciddi zədə almasına səbəb olur. Torpaqda qışlayan böcəklər erkən yazda səthə çıxaraq fəal şəkildə moruq və böyürtkən bitkilərinin çiçəkləri ilə qidalanmağa başlayırlar. Kolların çiçəkləri töküldükdən sonra mayalanmış yumurtalıqların əmələ gəldiyi dövrdə həşəratlar bitkilərdə olan qida maddələrini artıq tamamilə mənimsəmiş olurlar. Moruq böcəyinin sürfələri bitkilərə daha ciddi zərər vurur. Onlar çox qısa müddət ərzində cavan yarpaqları, çiçəkləri və mayalanmış yumurtalıqları tamamilə məhv edə bilirlər. Əgər zərərvericilərlə vaxtında mübarizə aparılmazsa zoğlar və məhsul tamamilə məhv olur (Şəkil 6.37).
Mübarizə tədbirləri. Əgər zoğlar moruq böcəyinin sürfələrinin ciddi zərərinə məruz qalıbsa onlar dibindən kəsilir və sahədən çıxarılaraq yandırılır. Kiçik təsərrüfatlarda böcəklərə qarşı mexaniki mübarzə aparıla bilər. Bu məqsədlə kolun altına plyonka salınır və kol möhkəm silkələnir. Bu əməliyyat səhər çağı aparılır. Böcəklər həmin vaxt hərəkətsiz olduqlarından asanlıqla yerə tökülür. Güclü yoluxma zamanı torpağın üst hissəsindən 1-2 sm-lik qat yığılıb sahədən çıxarılır.
Profilaktik tədbir kimi bir vegetaisya dövründə iki dəfə - qönçələmədən və çiçəkləmədən əvvəl 2 %-li “Bitoksibatsillin” preparatı ilə çiləmə aparılır. Həmçinin vegetasiya dövründə 2 həftədən bir 3-4 dəfə “Quapsin” (10 litr suya 5 ml) preparatı ilə də çiləmə aparıla bilər.