Çiyələk yarpaqyeyəni. 4 mm-ə qədər uzunluqda sarımtıl-qəhvəyi rəngli həşəratdır (Şəkil 6.35). Sürfələri 5 mm uzunluğunda olub sarı rənglidir. Üzəri seyrək tükcüklərlə örtülüdür. Böcəklər torpağa tökülmüş bitki qalıqları altında qışlayır. Yazda həşəratlar üzə çıxır və təzə yarpaqlarla qidalanmağa başlayır.
Zərərverici öz yumurtalarını çiçəkləmədən əvvəl yarpaqların alt səthinə qoyur. İki həftədən sonra sürfələr çıxır və yarpağın alt səthi ilə qidalanmağa başlayır (Şəkil 6.36).
3 həftədən sonra sürfələr torpaq səthinə düşərək orada puplaşırlar. Sonra ikinci nəsil həşəratlar əmələ gəlir. Məhsulvermə başa çatan dövrdə həşəratlar səthə çıxır. Əgər həşəratların kütləvi artımı baş verərsə bütün yarpaqları yemək gücünə malikdirlər.
Payızda böcəklər yenidən qışlamağa gedirlər.
Mübarizə tədbirləri. Zərərvericidən mühafizə məqsədilə yazda yeni yarpaqlar əmələ gələn dövrdə bitkilərə yovşan həlimi ilə çiləmə aparılması tövsiyə edilir. Bunun üçün 500 q xırda doğranmış yovşanın üzərinə 3 l su tökülür və vam odda 10 dəqiqə saxlanılır. Sonra soyudulur və süzülür. Sonra məhlula 3 l soyuq su əlavə edilir. 7 gündən bir 2-3 dəfə çiləmə aparılır.
Məhsul yığımından dərhal sonra süfrələrin məhv edilməsi məqsədilə bitkiətrafı torpaq yumşaldılmalıdır. Çiyələk yarpaqyeyəni bir sıra alaq otları (topulqa, qaytarma və s.) ilə də qidalanır. Ona görə də plantasiya sahəsi alaq otlarından təmiz saxlanılmalıdır.