“Kolloid kükürd”-ün 0,3-1 %-li suspenziyası da gənəyə qarşı istifadə olunduqda müsbət nəticə verir. Bu məqsədlə 70 %-li və 80 %-li islanan toz və yaxud 70 %-li pastadan istifadə edilməsi tövsiyə olunur. Çiləmə üçün əlverişli temperatur şəraiti +20...+30 °C arasındadır. +20 °C-dən aşağı temperatur şəraitində tətqbiqi məqsədəuyğun deyil. Çünki bu zaman preparatın mühafizəetmə gücü kəskin şəkildə aşağı düşür. +30 °C-dən yuxarı temperatur şəraitində çiləmə apardıqda isə yarpaqlarda yanıq əmələ gəlir. Preparat bal arılarına və digər xeyirli həşəratlara da zərər vura bilər.
Gənələrə qarşı kontakt təsirə malik akarisid “Neoron” preparatından da istifadə olunması məqsədəuyğundur. Bitkilərin bu preparatla işlənməsi daha yaxşı nəticə verir. Bal arılarına qarşı zəif təsirə malikdir. Bir ampulada 5 ml preparat olur. Dərman üzərindəki təlimata uyğun istifadə edilir. Digər kimyəvi dərmanlarla qarışdırılaraq tətbiqi yolverilməzdir.
Zərərvericiyə qarşı ətraf mühit üçün az toksiki təsirə malik “Fitoverm” biopreparatından istifadə edilməsi daha məqsədəuyğundur (Şəkil 6.33). Preparat bağırsaqlara kontak təsirli xüsusiyyətə malikdir. Həm istixana, həm açıq şəraitdə istifadə edilə bilər. Əsas budur ki, preparat nə torpaqda, nə də bitkidə toplanmır. Suyun təsirindən tez parçalanır. İstifadə zamanı dərmanın üzərindəki təlimata tam dəqiqliklə riayət olunmalıdır.
Gənələrə qarşı müdafiəedici təsir gücünə malik soğan qabığı cövhərindən də istfadə etmək olar. Cövhər belə hazırlanır: 200 q soğan qabığının üzərinə 10 l su əlavə edilir. 5 sutka saxlandıqdan sonra alınan cövhər süzülür və pulverizatorun (mayeni toz halında fışqırtmaq üçün cihaz) köməyi ilə bitkilərə püskürdülür (Şəkil 6.34).