Alınmış məhlul 10-12 saat saxlanılır. Qönçələmə dövründə, ən gec çiçəkləməyə 5 gün qalmış çiləmə aparılır. Uzunburunun yay nəslinin kütləvi əmələ gəldiyi dövrdə, məhsul yığımından dərhal sonra fərdlər qışlamağa gedənə qədər ikinci çiləmə aparılır. Eyni zamanda zərəvericiyə qarşı bitkilərin yazda dağ tərxunu, yovşan və acı qınlı bibər məhlulu ilə çilənməsi də yaxşı nəticə verir. Payızda cərgəarası torpaq yumşaldılmalıdır. Kiçik təsərrüfatlarda həşəratlarla mexaniki mübarizə də aparmaq olar. Bu məqsədlə səhər çağı böcəklər hərəkətsiz vəziyyətdə olan zaman bitkilərin altına müəyyən material sərilir. Bitkilər silkələnərək böcəklər həmin materialın üzərinə tökülür.
Çiyələk (şəffaf) gənəsi. Çox xırda ölüçülərə malik zərərverici olub əsasən çiyələyin cavan yarpaqlarını zədələyir (Şəkil 6.32).
Zərəvericinin təsirindən zədə almış yarpaqlar qırışır, saralır və məhv olur. Çiyələk bitkisində böyümə prosesi nəzərəçarpacaq dərəcədə zəifləyir.
Gənələr çiyələk bitkisinin mərkəzində yerləşən yarpaqların saplaqlarının əsasında qışlayır. Yayda dişiciklər öz yumurtalarını cavan yarpaqların üzərinə qoyur. Məhsul yığımından dərhal sonra zərəverici ilə sirayətlənmiş yaşlı yarpaqlar kəsilib sahədən çıxarılmalıdır. Sonra bitkilər yemləndirilməli, suvarılmalı və bitkiətrafı torpaq yumşaldılmalıdır.
Mübarizə tədbirləri. İlk növbədə sağlam əkin materialından istifadə olunmalıdır. Şitillər əkindən qabaq termiki və kimyəvi işlənməlidir. Termiki işlənmə üçün şitillər 46 °C-dək istiliyə malik suda 15-20 dəqiqə saxlanılır. Sonra bitkilərin kökləri soyuq su ilə yuyulur. Yaxud da köklər torpaqdan təmizənmədən əkilir. Əkindən sonra bitkinin bütün hissələri əhatə olunmaqla eyni istilikdə su ilə suvarma aparılır.
Gənəyə qarşı kimyəvi mübarizə məqsədilə “Karbafos” preparatından istifadə edilə bilər. Bu preparat həşərat və hörümçəyəbənzər zərərvericilərə qarşı geniş istifadə olunan orta təsir gücünə malik zəhərli maddədir. Dərmanın üzərində göstərilən təlimata uyğun işçi məhlul hazırlanan kimi istifadə olunmalıdır. Çiləmə zamanı bütün yarpaq səthi məhlulla islanmalıdır. Çiləmə quru və sakit havada səhər və yaxud axşam saatlarında aparılmalıdır. Temperatur +15 °C-dən yuxarı olmalıdır. Mövsüm ərzində iki dəfə çiləmə aparılması tövsiyə edilir. Çiçəkləmə vaxtı çiləmə dayandırılmalıdır.