Nematod tərəfindən zədələnmiş bitkilərin yarpaq saplaqları qızarır və nazikləşir. Yarpaq ayası daha tünd rəngli olur, əyilir, adətən üzəri qırmızı ləkələrlə örtülür (Şəkil 6.27). Çiyələk nematodla güclü sirayətləndikdə ya tamamilə məhsul olmur, yaxud da gilələr xırda və əyri-üyrü olur. Meyvələr zərərvericinin təsirindən tamamilə məhv olur (Şəkil 6.28).
Mübarizə tədbirləri. İlk növbədə sağlam əkin materialından istifadə olunmalıdır. Bunun üçün çiyələk şitilləri əkindən qabaq 45 0C istiliyə malik suda 10-15 dəqiqə müddətində termiki işlənməlidir. Sonra bitkilər soyuq suda yuyulur. Belə olduqda bitkilər həm tez böyüyüb inkişaf edir, həm də zərərvericiyə qarşı davamlılığı artır. Payızda məhsul yığıldıqdan sonra xəstəliklə yoluxmuş bitkilər vaxtında sahədən çıxarılıb yandırılmalıdır. Sahədə olan bitki qalıqları və alaqlar daim təmizlənməlidir.
Əkin materialı eyni zamanda dezinfeksiya məqsədilə suda həll olunmuş “Fosdrin” və yaxud “Paration” preparatları ilə işləndikdə də müsbət nəticə alınır.
Yazda ilk yarpaqlar əmələ gələn dövrdə 1 %-li Bordo məhlulu ilə çiləmə aparılması da məqsədəuyğundur.
Çiyələk-moruq uzunburnu. Çiyələk bitkisinin əsas zərəvericilərindən sayılır. Uzunburun 3 mm uzunluğunda tünd boz rəngli böcəkdir (Şəkil 6.29).
Bitki üzərində tez-tez saplağı olmayan qonçələrə, yaxud da qırılaraq tordan asılı qalmış qönçələrə rast gəlirik. Bu zərərvericinin təsirindən olur.