6.1.5. Kivi
Kivi bitkisi praktiki olaraq plantasiyalarda demək olar ki, xəstəliklə yoluxmur.
6.2. Giləmeyvə bitkilərinin zərərvericiləri və mühafizə tədbirləri
6.2.1. Çiyələk
Çiyələk bitkisi olduqca zərifdir. Ona görə də digər giləmeyvə bitkilərindən fərqli olaraq zərərvericilərin hücümundan daha çox əziyyət çəkir. Çiyələk bitkisini zərərvericilərin təsirindən demək olar ki, tam qorumaq mümkün deyil. Lakin bu və ya digər zərəvericiləri qarşı profilaktik və mühafizə tədbirlərinin həyata keçirilməsi müəyyən nəticə verir. Çiyələk bitkisinin zərərvericiləri və onlarla mübarizə tədbirləri haqqında aşağıda geniş məlumat verilir.
Nematod. Bu xırda qurdların uzunluğu 0,5-1 mm olub ağ rənglidir. Zərərverici tumurcuqlara və yarpaq qoltuğuna yerləşdikdən sonra oraya öz yumurtalarını qoyur. Həmin yumurtalardan təxminən 1 həftəyə sürfələr çıxır.
Bu zərərvericinin təsirindən əsasən cavan bitkilər əziyyət çəkir. 2 həftədən sonra sürfələr yetkin orqanizmə çevrilir.
Bitkilər yeni yarpaqların əmələ gəlməsi, çiçəkləmə və məhsulvermə fazalarında, həmçinin payızda bu zərərverici tərəfindən zədələnə bilər (Şəkil 6.26).