Pas xəstəliyi. Əsasən yarpaqlar bu xəstəliklə yoluxur. May ayının axırı, iyun ayının əvvəllərində xəstəlik daha da şiddətlənir. Zahiri əlaməti sarı rəngli sporlardan ibarət qeyri-düzgün formalı ləkələrin əmələ gəlməsidir (Şəkil 6.24). Xəstəliyin inkişafı ilə əlaqədar yoluxmuş hissələr qədəhşəkilli olur. Xəstəlik səbəbindən meyvələr normal böyüyə bilmir və deformasiyaya uğrayır. Onlar yaşıl halda da tökülə bilər. Əgər xəstəliklə vaxtında mübarizə aparılmazsa məhsul tamamilə itkiyə gedə bilər.
Mübarizə tədbirləri. Xəstəliklə mübarizə məqsədilə müxtəlif təsirə malik preparatlardan istifadə edilir.
Kontakt təsirli fungisidlər. “Abiqa-Pik” preparatının sulu məhlulu. Preparat əvvəlcə azacıq suda həll edilir, sonra 10 l suya qatılır. Çiləmələr iki mərhələdə 3 həftədən bir aparılır.
Bordo məhlulu ilə çiləmə 25 gündən bir 3 dəfə aparılır.
Mis kuporosu ilə (50 q preparat 5 l suda həll edilir) erkən yazda - cavan yarpaqlar əmələ gələn dövrdə bir dəfə çiləmə aparılır.
Sistem təsirli fungisidlər. 10 q “Bayleton” preparatı azacıq suda həll edilir və 10 l suya əlavə olunur. 2-4 saata öz təsirini göstərir. Təsir müddəti 2-4 həftə çəkir.
“Topaz” emulsiya-konsentratının 1 ampulası 10 l suda həll edilir və ilkin əlamətlər müşahidə olunduqda çiləmə aparılır. Bir mövsüm ərzində 3 həftədən bir 4 dəfə çiləmə aparılır.
Kontakt-sistem təsirli fungisidlər. “Xom” preparatından 40 q-ı az miqdarda suda həll edilir. Alınmış məhlul 10 l suya əlavə edilir. Mövsüm ərzində iki dəfə - çiçəkləmədən əvvəl və sonra çiləmə aparılır.
Antraknoz. Əsasən yarpaqları sirayətləndirir. Yoluxmuş yarpaqlarda tünd-qonur rəngli ləkələr əmələ gəlir (Şəkil 6.25). Sonrakı mərhələdə yarpaqlar qəhvəyi rəng alaraq kobudlaşır. Vaxtında mübarizə aparılmazsa yarpaqlar tökülür və bitkinin böyüməsi dayanır.
Mübarizə tədbirləri. Profilaktik tədbir olaraq yazda və payızda plantasiya sahəsində torpaq yumşaldılır. Bitkilərdə sanitar budama aparılır. Sahə alaq otlarından azad edilir.
Tumurcuqlar açılana qədər “Nitrofen” və yaxud “Mis kuporosu” ilə çiləmə aparılır. Xəstəliyin ilkin əlamətləri göründükdə Bordo məhlulu (10 litr suya 100 q) və yaxud kolloid kükürdlə çiləmə aparılır. Məhsul yığımına 3-4 həftə qalmış çiləmələr dayandırılır. Məhsul yığımından 10 gün sonra daha bir çiləmə aparılır.