İnkişafın ilk mərhələsində yarpaqlarda tünd-qonur haşiyəli boz ləkələr əmələ gəlir. Sonra ləkələrdə qara nöqtələr əmələ gəlir (Şəkil 6.22).
Yoluxmuş yarpaqlar vaxtından əvvəl quruyub tökülür. Hətta yarpaqlar töküldükdən sonra göbələklər quru yarpaqlarda həyatını davam etdirir. Ona görə də tökülmüş yarpaqlar dərhal yığılıb yandırılmalıdır.
Mübarizə tədbirləri. Tumurcuqlar açılana qədər mis kuporosu və yaxud da “Kaptan”, “Sineb” və “Ftalan” preparatlarından biri ilə çiləmə aparılır. Xəstəliyə qarşı Bordo məhlulundan da istifadə oluna bilər. Bu məqsədlə 5 litr suya 50 q preparat əlavə edilir.
Sferoteka (amerika unlu şeh) xəstəliyi. Ən təhlükəli xəstəliklrədən sayılır. O, bitkinin ayrı-ayrı orqanlarını deyil, bütöv bitkini sirayətləndirir. Xəstəlik üçün əlverişli inkişaf müddəti yazın sonu, yayın əvvəlləridir. Xəstəliyin ilkin əlaməti olaraq yarpaqların alt hissəsində ağ örtük əmələ gəlir (Şəkil 6.23). Əgər vaxtında mübarizə aparılmazsa örtüklər daha kobud qəhvəyi rəngli toxumalara çevrilir. Bu mərhələdə xəstəliklə mübarizə bir qədər çətinləşir. Sonra xəstəliyin sporları həşəratlar və külək vasitəsilə asanlıqla ətrafa yayılır.
Mübarizə tədbirləri. Qarağat bitkisində olduğu kimidir.