Mübarizə tədbirləri. “Fitosporin” preparatı ilə çiləmə aparılması tövsiyə edilir. Ən yaxşı mübarizə vasitəsi isə Bordo məhluludur. Bordo məhlulu ilə çiləmə 10 gündən bir 4 dəfə aparılır.
6.1.3.2. Qara qarağatın xəstəlikləri
Reversiya və yaxud çoxləçəklilik. Virus mənşəli xəstəlikdir. Əsas əlamətləri aşağıdakılardır: yarpaqlar formasını dəyişir – uzanaraq assimetrik forma alır, kənarları iti dişli olur; yarpaqlar üçpəncəli ola bilər; yarpaq damarlarının sayı azalır; yarpaqlar bənövşəyi rəng alır; çiçəklər uzunsov olmaqla ləçəkləri ensiz olur; məhsul olmur və bitki xarakterik iyə malik olur. Xəstəliyin əlamətlərinə çiçəkləmə dövründə rast gəlinir.
Mübarizə tədbirləri. Yoluxmuş bitkilər sağlam bitkilər üçün təhlükə mənbəyi olduğundan onlar dərhal sahədən kənarlaşdırılıb yandırılmalıdır. Əkin materialı olaraq sağlam bitkilərdən istifadə olunmalıdır. Kalium və fosfor gübrələri ilə normal qidalanma bitkilərin xəstəliyə qarşı davamlılığını artırır. Azotun ifrat dərəcədə olması bitkilərin bu xəstəliyə davamlılığını azaldır. Məhsul yığıldıqdan sonra kollara “Karbofos”la çiləmə aparılır.
6.1.3.3. Ağ və qırmızı qarağatın xəstəlikləri
Zoğların nektor quruması. Qarağat əkinlərin tez-tez rast gəlinən xəstəlikdir. Göbələk mənşəlidir. Əsas əlamətləri: budaq və zoğlarda narıncı rəngli nöqtələr əmələ gəlir (Şəkil 6.21); onlar tədricən böyüyüb birləşir və iri qonur rəngli qabarcıqlar əmələ gətirir; yetişmə mərhələsində sporlar qara rəng alır; cavan hissələr tədricən quruyur və məhv olur.
Mübarizə tədbirləri. Əgər xəstəliklə vaxtında mübarizə aparılmazsa bitkilər tamamilə məhv ola bilər. Xəstəliyin ilkin əlamətləri müşahidə olunduqda bütün yoluxmuş zoğ və budaqlar dibindən kəsilir və sahədən çıxarılaraq yandırılır. Bütün kəsim yerləri Bordo məhlulu ilə dezinfeksiya edilir və bağ məlhəmi çəkilir.
Xəstəliklə mübarizə məqsədilə sahə daim alaq otlarından təmizlənməlidir, tökülmüş yarpaqlar vaxtında yığılmalıdır və bitkilər sistematik şəkildə qidalandırılmalıdır.
6.1.4. Firəng üzümü
Septorioz. Xəstəlik yarpaqlarda ləkə şəkilində sürətlə yayılır. Ən təhlükəli yoluxma müddəti iyun ayının əvvələridir.