Mübarizə tədbirləri. İlk növbədə plantasiya sahəsində olan tökülmüş yarpaqlar, bitki qalıqları yığılıb sahədən çıxarılmalı və yandırılmalıdır.
Antaknozun nişanələri görünən kimi dərhal kimyəvi mübarizə aparılmalıdır. Bu məqsədlə 10 l suya 0,1 kq preparat əlavə olunmaqla Bordo məhlulu ilə çiləmə aparılmalıdır. Bordo məhlulu ilə ikinci çiləmə meyvələr yığıldıqdan dərhal sonra aparılmalıdır.
Unlu şeh xəstəliyi. İlk növbədə yarpaqlarda ağ yumşaq örtük əmələ gəlir. Sonra o, tədricən meyvələrə yayılır (Şəkil 6.19). Qarağat bitkisi çox nadir hallarda bu xəstəliklə yoluxur.
Mübarizə tədbirləri. Əgər vaxtında mübarizə aparılarsa xəstəlik plantasiyada elə ciddi problem yaratmır. Xəstəliyin ilkin əlamətləri müşahidə olunduqda “Fitosporin” preparatı ilə çiləmə aparılır.
Xəstəliklə mübarizə məqsədilə yoddan da istifadə etmək olar. Bunun üçün 5 %-li bir şüşə yod 10 l suda həll edilir. Sonra həmin məhlulla çiləmə aparılır. Proses 3-4 gündən sonra bir də təkrar olunur. Xəstəliyə qarşı 1 %-li mis kuporosundan da istifadə edilməsi də yaxşı nəticə verir.
Pas xəstəliyi. İlin istənilən fəslində əmələ gəlir. 2 növü var: qədəhşəkilli – yarpaqlarda narıncı rəngli qabarıqlar əmələ gəlir; sütunvarı – yarpaqlarda xırda narıncı şəkilli qabarcıqlar əmələ gəlir (Şəkil 6.20).
Qədəhşəkilli pas xəstəliyinin mənbəyi qumotu bitkisidir. Sütunvarı pas xəstəliyinin daşıyıcısı isə iynəyarpaqlı bitkilərdir.