Xəstəliyin başlanğıc inkişaf mərhələsində “Vitaros”, “Previkur”, “Topsin-M” və “Trixodermin” preparatları ilə də təlimat əsasında çiləmələr aparıla bilər.
Mozaika. Virus mənşəli xəstəlik olub yarpaqlarda və zoğlarda təzahür edir. İlk növbədə yarpaqlarda sarımtıl və yaxud açıq-yaşıl rəngli ləkələr əmələ gəlir (Şəkil 6.15). Xəstəlik çox sürətlə yayılır və qısa müddətdə bütün plantasiyanı əhatə edir. Zoğlar nazikləşir, onların üzərində xarakterik yağlı ləkələr əmələ gəlir. Xəstəlik səbəbindən gilələrin inkişafı dayanır.
Mübarizə tədbirləri. Xəstəliklə konkret mübarizə tədbiri demək olar ki, mövcud deyil. Xəstəliyin qarşısını almaq üçün yaxşı olar ki, moruq bitkisinə payızda gübrə verilməsin. Eyni zamanda xəstəlik daşıyıcısı olan kartof bitkisinin sələf kimi istifadəsi yolverilməzdir. “Aqravertin” və “Fitoferm” praparatları ilə aparılan çiləmələr xəstəliyin yayılmasının qarşısını bir qədər alır.
Bitkilərin qeyri-normal inkişafı və yaxud “Cadugər süpürgəsi” xəstəliyi. Xəstəlik nəticəsində çoxlu miqdarda inkişafdan qalmış zoğlar əmələ gəlir (Şəkil 6.16). Tədricən həmin zoğlar sıx gödək boylu kol əmələ gətirir. Bir kolda zoğların sayı 200 ədəddən çox olur.
Virus həşəratların və zərərvericilərin vurduğu zədələr hesabına bitkiyə içəridən təsir edir. Xəstəliklə yoluxmuş bitki tamamilə məhsul vermir.
Mübarizə tədbirləri. Konkret olaraq xəstəliklə mübarziə tədbirləri mövcud deyil. Xəstəliyin yayılmasına səbəb olan həşəratlara qarşı insektisidlərdən istifadə olunur. Plantasiyalar fumiqasiya olunmuş sağlam əkin materialından salınmalıdır. Profilaktik tədbir olaraq bitkilərə “Karbofos” preparatı ilə çiləmə aparılır.
Kök və gövdə xərçəngi. Xəstəliyin əsas əlaməti köklərdə külli miqdarda şişlərin (fırların) əmələ gəlməsidir (Şəkil 6.17). Zaman keçdikcə həmin fırlar birləşir və köklərin səthi kələ-kötür nahamar olur. Xəstəliklə yoluxmuş gövdə qabığı qopub tökülür. Bitki zəifləyir, qışadavamlılığı aşağı düşür və məhv olur.