Bütün vegetasiya dövründə “Fitosporin M” preparatı ilə çiləmə aparıla bilər. Bu məqsədlə həmin preparatdan 3 q az miqdarda suda həll edilir. Sonra həmin məhlul 10 l suya əlavə edilir.
Eyni zamanda tumurcuqlar açılana qədər, çiçəkləmədən və məhsul yığımından sonra kolloid kükürd (5 l suya 25-50 q), “Abiqa Pik” (5 l suya 20-25 q), “Strobi” (5 l suya 2 q) və “Propikanazol” (0,15 %-li məhlul) preparatları ilə də çiləmə aparıla bilər.
Moruq yarpaq qıvrılması. Əgər yarpaqlar mərkəzə doğru qıvrılmağa başlayırsa, bu xəstəliyin aydın əlaməti hesab olunur (Şəkil 6.11). Bu zaman yarpaq ayası şüşəni xatırladır. Ona toxunularsa səpələnib dağılır. Yarpaqlar məhv olur, gilələr demək olar ki, əmələ gəlmir. Virus mənşəli xəstəlikdir. Vaxtında müdaxilə olunmazsa bitkini tamamilə məhv edir.
Mübarizə tədbirləri. Bu xəstəliklə mübarizə məqsədilə konkret preparat mövcud deyil. Profilaktiki olaraq normal qulluq aparılmalıdır. Xəstəliyin geniş yayılmasına səbəb olan mənənələrə qarşı “Fitoferma”, “Aktellik”, “Funanon”, “Karbofos”, “Kemifos” və digər insektidislərin köməyi ilə mübarizə aparılır.
Pas xəstəliyi. Əkinlərin sıxlaşması və nisbi nəmliyin yüksəlməsi səbəbindən bu xəstəlik yayılır (Şəkil 6.12). O, bütün bitkini yoluxdurur və məhsuldarlıq 20-30 % aşağı düşür. Yarpağın mərkəsi damarında göbələyin sporlarından ibarət narıncı-sarı rəngli qabarcıqlar əmələ gəlir. Bu qabarcıqlar bir-birindən bərabər məsafədə yerləşir və yaxında yerləşən kollara sürətlə yayılır.