Eyni zamanda moruq əkinlərinin yaxınlığında qara və qırmızı kəndalaş, acı yovşan, dağ tərxunu, kərəviz, reyhan, soğan, sarımsaq, xırdaçiçəkli piretrum, sabahgülü və gülünbahar bitkilərinin əkilməsi tövsiyə olunur.
Tünd-qırmızı ləkəlik. Bu xəstəliklə bitkinin bütün orqanları yoluxur. İlk növbədə yarpaq ayasında və gövdədə xırda tünd-qırmızı rəngli ləkələr əmələ gəlir. Sonra bu ləkələr sürətlə böyüyür. Sonra həmin ləkələr qonur-qəhvəyi rəng alır (Şəkil 6.9). Gövdənin qabığı açıq rəngli olmaqla qopub tökülür. Güclü yoluxma nəticəsində tumurcuqlar məhv olur, cavan zoğlar ləng böyüyüb inkişaf edir.
Mübarizə tədbirləri. Məhsul yığımından sonra yoluxmuş gövdələrə kəsilərək sahədən çıxarılmalıdır. Xəstəliyin inkişafının qarşısını almaq nəqsədilə yazda tumurcuq açılana qədər bitkilərin 7 %- li (10 l suya 700 q) sidik cövhəri məhlulu ilə çilənməsi yüksək nəticə verir. Eyni zamanda növbəti fazalarda - vegetasiyanın başlanğıcında və qönçələmə fazalarında 0,5 %-li (10 l suya 50 q) sidik cövhəri məhlulu ilə daha iki çiləmə aparılır.
Kimyəvi praparatlardan mistərkibli olanlar, əsasən də “Azofos” (10 l suya 100 ml) ilə çiləmə aparılması yaxşı nəticə verir. Yaxşı olar ki, çiləmə üç dəfə aparılsın: qönçələrin görünməyə başladığı dövrdə, çiçəkləmədən dərhal sonra və məhsul yığımından sonra.
Ağ ləkəlik (septorioz). Moruq bitkisinin gövdə və yarpaqlarını sirayətləndirməklə geniş yayılmış xəstəlik növüdür. Yayın əvvəllərində yarpaqlarda açıq qəhvəyi rəngli dairəvi ləkələr əmələ gəlir. Tədricən həmin ləkələr daha açıq rəng alır, kənarları isə qəhvəyi rənglə haşiyələnir. Sonra ləkələrin mərkəzindən qara nöqtələr əmələ gəlir və onlar böyüyərək birləşir (Şəkil 6.10). Sonra ləkələr olan hissələr qopub tökülür və yarpaq ayasında deşiklər əmələ gəlir. Güclü yoluxma nəticəsində xəstəlik gövdəyə keçir və gövdədə qara ləkələr əmələ gəlir. Sonra gövdə qabığında çatlar yaranır və o qopub tökülür.
Mübarizə tədbirləri. Budama zamanı kəsilmiş hissələr vaxtında sahədən kənarlaşdırılmalıdır. Payızda və yazda cərgəarası torpaq vaxtında yumşaldılmalıdır. Sahə alaq otlarından təmiz saxlanmalıdır. Zəif yoluxmuş budaqların uc hissəsi kəsilib atılır. Əgər birillik zoğlar güclü yoluxubsa onlar tamamilə dibindən kəsilir və sahədən çıxarılır.
Erkən yazda tumurcuqlar açılmamışdan əvvəl 3 %-li Bordo məhlulu ilə çiləmə aparılır. Çiçəkləmədən əvvəl və məhsul yığımından sonra isə 1 %-li Bordo məhlulu ilə çiləmə aparılır.