Unlu şeh xəstəliyi. Göbələk mənşəli xəstəlik olmaqla bitkinin məhvinə səbəb olur. Bu xəstəliklə yoluxmuş yarpaqlar daxili hissədən ağımsov təbəqə ilə örtülür (Şəkil 6.7). Sonra yarpaqlar kobudlaşaraq qıvrılmağa başlayır. Xəstəliyin sonrakı mərhələsində meyvələr sirayətlənir. Xəstəlik külək vasitəsilə geniş yayılır.
Mübarizə tədbirləri. Bitkilər 7-8 gündən bir kolloid kükürd məhlulu (10 l suya 20-30 q) ilə işlənir. Yaxşı olar ki, məhlula mis kuporosu (10 l suya 50 q) da əlavə edilsin. Kolloid kükürd əvvəlcə az miqdarda suda həll edilir, sonra ikiqat cunadan süzülərək 10 l suya qarışıdırılı ki, yarpaqları yandırmasın.
Mis-sabun emulsiyasından istifadə də yaxşı nəticə verir. Bu məqsədlə 10 l suya 100 q təsərrüfat sabunu və 5 q mis kuporosu əlavə edilərək çiləmə aparılır.
Eyni zamanda unlu şehlə mübarizə məqsədilə sığırquyruğu bitkisindən hazırlanmış məhlul (1:10) ilə həftədə bir dəfə çiləmə aparılması da tövsiyə olunur.
Antraknoz. Göbələk mənşəli xəstəlik olub gövdə qabığını, meyvələri və yarpaqları sirayətləndirir. Bitkinin müxtəlif hissələrində parlaq-qırmızı rəngli haşiyəyə malik ağ ləkələr əmələ gəlir (Şəkil 6.8). Gövdədə qara rəngli ləkələr əmələ gəlir. Bitki zəifləməklə soyuğa davamsız olur.
Havanın nisbi rütubətinin 90 % və temperaturunun +22 °C olması patogenin yayılması üçün optmal şərait yaradır.
Mübarizə tədbirləri. Mis kuporosu, “Oksixom” (çiləmə çiçəkləməyə qədər və məhsul yığımından sonra aparılır), “Sandofan” (xəstəliyin ilkin əlamətləri göründükdə çiləmə aparılır), Akrobat MS preparatları ilə çiləmə aparılır.