Yarpaqların ağ ləkəliyi. Yarpaq səthində mərkəzi ağ rəngli, kənarları qonur və yaxud tünd qırmızı haşiyəli ləkələr əmələ gəlir (Şəkil 6.6).
Adətən mərkədə olan ağ hissə qopub düşür. Yarpaqlar üzərində ləkələr birləşmir. Yarpaq saplaqlarında, bığcıqlarda və çiçək saplaqlarında tünd qonur rəngli çökək ləkələr əmələ gəlir. Güclü yoluxma nəticəsində çiçək saplaqları quruyur.
Ləkəlik xəstəlikləri ilə mübarizə tədbirləri. Göbələk mənşəli hər iki ləkəlik xəstəliyi adətən yaşlı plantasiyalarda geniş yayılır. Hər iki xəstəliklə mübarziə məqsədilə erkən yazda bütün yaşlı yarpaqlar təmizlənərək sahədən çıxarılır. Əgər cavan yarpaqlarda bu xəstəliklərə rast gəlinərsə 2-4 %-li Bordo məhlulu ilə çiləmə aparılır. Eyni zamanda yazda yarpaqların böyüməsi fazasında “Falkon”, “Euparen”, “Metaksil” və ya “Ridomil” preparatlarından biri ilə çiləmə aparılır. Payızda isə plantasiyada bitkilərə “Ordan” preparatı ilə çiləmə aparılır.
6.1.2. Moruq və böyürtkən
Düzgün aparılmayan qulluq şəraitində moruq və böyürtkən bitkiləri zəifləyir və xəstəliklərə qarşı həssaslığı artır. Bu bitkilər üçün ən təhlükəli xəstəliklər unlu şeh, antraknoz, tünd qırmızı və ağ ləkəlik, moruq yarpaq qıvrılması, pas, boz çürümə, vertisillez vilt, mozaika, qeyri-normal inkişaf, kök və gövdə xərçəngi, xloroz xəstəlikləri hesab edilir.
Hər bir xəstəliyin əlamətləri və mübarizə tədbirləri haqqında aşağıda geniş məlumat verilir.