Boz çürümə xəstəliyi. Göbələk mənşəli bu xəstəliyin təsirindən çiyələk meyvələrinin 80 %-ə qədəri məhv olur. Meyvələrdə tez inkişaf edən, üzəri tükcüklü örtüyə malik açıq qəhvəyi rəngli qeyri-yumşaq ləkələr əmələ gəlir. Çürümə ilə sirayətlənmiş meyvələr soluxur və tədricən mumiyalaşır, meyvə saplağı quruyur. Həmin dövrdə yarpaqlarda iri, tutqun qonur və yaxud tünd boz rəngli ləkələr əmələ gəlir (Şəkil 6.4).
Mübarizə məqsədilə bütün xəstə bitkilər və meyvələr yığılaraq sahədən çıxarılmalıdır, alaq otları ilə ciddi mübarizə aparılmalıdır. Meyvələr yetişən dövrdə alaqlardan təmiz və yumşaq olan cərgəarası torpaq əvvəlcədən xırdalanmış küləşlə və yaxud şam ağacının iynəyarpaqları ilə mulçalanır.
Yazda bitki vegetasiyaya başlayana qədər bitkilərə 3-4 %-li Bordo məhlulu çilənir, meyvələr yığıldıqdan dərhal sonra isə “Azotsen”lə (10 l suya 20 q) çiləmə aparılır.
Ümumiyyətlə bütün göbələk mənşəli ləkəlik xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə axırıncı məhsul yığımından sonra bütün yaşlı yarpaqlar kəsilib sahədən çıxarılmalıdır.
Ləkəlik xəstəlikləri. Yarpaqların qonur ləkəliyi. Bitkinin yarpaq saplağı və yarpaq ayası bütövlükdə qonur rəngli ləkə ilə örtülür. Həmin ləkələr tədricən qovuşur, yarpaq saralır və məhv olur (Şəkil 6.5). Bitkinin bötüvlükdə məhvinə səbəb olmaqla təhlükəli xəstəliklər qrupuna daxildir.